ƏMA şöbə müdiri ÜƏMT-in Hökumətlərarası Komitəsinin işinə qatılıb FOTO
10-14 dekabr 2018-ci il tarixlərində Çenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli mülkiyyət və genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitəsinin 38-ci sessiyası keçirilib.
Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hökumətlərarası Komitənin plenar iclaslarında ənənəvi biliklərin və ənənəvi mədəni ifadələrin qorunması üzrə beynəlxalq sənədlərin maddələrinin layihələri müzakirə olunub, həmin sənədlər üzrə razılaşdırılmamış bəndlərin mahiyyəti barədə açıqlamalar verilib və ümumən sənədlərin mətni üzrə konseptual fikir mübadiləsi keçirilib, konkret bəndlərin razılaşdırılması üzrə iş aparılıb.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Gəray Dadaşov da iştirak edib.
Müzakirələr zamanı ənənəvi biliklər və ənənəvi mədəni ifadələrdən istifadə zamanı yerli xalqların və icmaların, eləcə də dövlətlərin və millətlərin maraqlarının nəzərə alınması, benefisiarların müəyyən edilməsi, sistemli transparentliyin təmin edilməsi, milli qanunvericiliyin və beynəlxalq sazişlərin uyğunluğu və bu məqsədlə müxtəlif arayışlar və tədqiqatların keçirilməsi və s. məsələlərə toxunulub.
Agentliyin nümayəndəsi müzakirələr zamanı çıxışında Azərbaycan Respublikasının qeyd edilən məsələlərə dair qanunvericiliyinin müddəalarını açıqlayıb, həmin qanunvericiliyə əsasən ənənəvi mədəni ifadələr və ənənəvi biliklərdən istifadə zamanı onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməsinin zəruri şərtlər sayıldığını diqqətə çatdırıb.
Tədbirdə iştirakla bağlı Gəray Dadaşov bunları bildirib: “Komitənin plenar iclaslarında, xüsusən də qeyri-rəsmi müzakirələr zamanı, eləcə də regional qrupların yığıncaqlarında ənənəvi biliklərin və ənənəvi mədəni nümunələrin təriflərinin, onların qorunmasının məqsədlərinin, müddətlərinin, açıqlanmalarının meyarlarının olduqca skrupulyoz, son dərəcədə ciddi təhlili aparılırdı, təkliflər səslənirdi.
Məsələn, İnka xalqının sonuncu hökmdarının adı ilə adlandırılmış Cənubi Amerikanın yerli icmalarını təmsil edən “Tupak Amaru” təşkilatı və yerli xalqların “Kokusu” birliyi ənənəvi biliklərin və ənənəvi mədəni nümunələrin dəqiq təriflərinin verilməsini, bu təriflərdə həmin əqli mülkiyyət obyektlərini yerli icmaların və xalqların mülkiyyəti və ictimai dəyəri kimi göstərilməsini və növbəti addımda bu icma və xalqları onlara məxsus ənəvi biliklərin və ənənəvi mədəni nümunələrin əsas benefisiarı kimi qəbul olunmasını tələb edirdilər.
Onlar həmçinin iddia edirlər ki, müqəddəs və gizli ənənəvi biliklər yayılmayan və yayılmaq üçün nəzərdə tutulmayan biliklər olduğundan, patent hüququnun açıqlanma tələbinə riayət olunması üçün meyarlar dəqiq işlənilməlidir.
Digər tərəflər, xüsusən də inkişaf etmiş və böyük dövlətlərin və beynəlxalq təşkilatların – ABŞ, Avropa İttifaqı, Hindistan və s. - nümayəndələri beynəlxalq sənədlərdə ümumiləşdirilmiş təriflərin verilməsinin və ənənəvi biliklər/ənənəvi mədəni nümunələrin istifadəsi ilə bağlı məsələlərin milli qanunvericiləklərin öhdəsinə verilməsinin tərəfdarı olduqlarını bəyan edir, habelə benefisiar kimi əsasən milli dövlətləri gördüklərini təkid edirdilər.
Bu iki, bəzən diametral fərqli görünən mövqelərin kökündə ciddi maraqlar durur: həm mənəvi - əhəmiyyətli əqli mülkiyyət və mədəni dəyərlərin yaradıcısı kimi geniş miqyasda tanınma hüququnu təsdiqləmə, həm də maddi - ənənəvi biliklər/ənənəvi mədəni nümunələrin istifadəsindən əldə oluna biləcək faydanın, gəlirin kimlərə çatması, kimlər arasında bölünməsi.
Burada qeyd etmək istərdim ki, tərəflərin yanaşmalarında fərqlər çox zaman müxtəlif ölkələrin hüquqi üsullarının, onların tətbiqinin işlənilməsi, detalizasiyasından, ümumən hüquqi sistemlərin səviyyəsindən asılı olaraq müəyyən edilir. Digər sözlərlə, yüksək səviyyəli hüquqi sistemə malik olan dövlətlər özlərinin təcrübələrindən və, təbii ki, maraqlarından çıxış edirlər, o biri tərəflər isə bu ölkələri hiyləgər və fəndgir zənn edərək, onların hər bir təklifinə şübhə ilə yanaşırlar. Bu isə konsensus əsasında qərarların qəbul olunmasına ciddi maneələr yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə