"Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" TƏDBİR-SƏS TV

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, media kapitanları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, noyabr ayı ərzində qurum tərəfindən 25 KİV-in monitorinqi keçirilib.

O deyib ki, Mətbuat Şurası yaranan gündən Azərbaycan dilinin qorunmasına böyük əhəmiyyət verir: "Mətbuat Şurasının dil üzrə Monitorinq qrupu daim mətbuatda dillə bağlı monitorinqlər keçirir, yanlışlıqlarla bağlı fikirlərini bildirir".

Ə.Amaşov qeyd edib ki, Azərbaycan dilinin qorunması ilə bağlı ölkə qanunvericiliyində, qəbul olunan sənədlərdə ciddi şəkildə öz əksini tapıb: "Dilimizin saflığının qorunması və digər məsələlər həmin sənədlərdə mütəmadi olaraq qeyd olunur. Bu kifayət qədər ciddi məsələdir və biz bu məsələləri daim diqqətdə saxlamağa borcluyuq. Dillə bağlı problemlər hamımızın ümumi problemidir. Bu baxımdan çatışmazlıqları düzgün qəbul etməli və bu nöqsanlara yol verməmək üçün çalışmalıyıq".

Daha sonra Azərbaycan Mətbuat Şurasının dil üzrə Monitorinq qrupunun rəhbəri İlham Abbasov noyabr ayında aparılan monitorinqin nəticələrini açıqlayıb

O söyləyib ki, dilin qorunması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən sənədlər imzalanıb: "Bu prosesə alimlər cəlb olunub. Monitorinqlərə təkcə yazılı deyil, elektron resurslar da cəlb olunub. Belə ki monitorinqə 15 qəzet, 10 sayt cəlb olunub".

İ. Abbasov söyləyib ki, aparılan monitorinqin nəticələrinə görə, KİV-lər də leksik pozuntularla bağlı xeyli sayda azalma müşahidə olunsa da qrammatik pozuntular qalmaqdadır: "Durğu işarələri ilə bağlı nöqsanlar, üslub ifadə formasında müəyyən çatışmazlıqlar qalmaqdadır"

Daha sonra çıxış edən Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, institutda Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cəzaların icrası üçün tədbirlər planı hazırlanır.

Onun sözlərinə görə, bununla bağlı Dilçilik İnstitutuna bu gün məktub daxil olub.

Direktor qeyd edib ki, bir çox ölkələrdə ədəbi dil normalarının pozulmasına görə inzibati cəza tədbirlərinin tətbiq edilməsi təcrübəsi var.

Tədbirin davamında çıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, , Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, deputat Nizami Cəfərov və digərləri çıxış edərək bu cür monitorinqlərin keçirilməsini təqdirəlayiq hesab ediblər.

Natiqlər media nümayəndələrini dillə bağlı normalara düzgün riayət olunmasına və Azərbaycan dilinin saflığının qorunması istiqamətində birgə fəaliyyətə çağırıblar.

Konfrans müzakirələr əsasında davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə