“Uşaq Hüquqları Konvensiyasını öyrənək və öyrədək” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti tədbir 20 Noyabr – Ümumdünya Uşaqlar gününə həsr edilib. SİA xəbər verir ki, “Uşaq Hüquqları Konvensiyasını öyrənək və öyrədək” adlı tədbirdə Müvəkkil Elmira Süleymanova iştirakçıları salamlayıb, uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib.

O, Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi haqda söz açıb və bu sənədin qəbul edildiyi 20 noyabr tarixinin hər il dünyada Ümumdünya Uşaqlar günü kimi qeyd olunduğunu vurğulayıb, Konvensiyanın məqsədi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları haqqında Qanunda və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat verib.

Ombudsman çıxışında Ümummilli lider Heydər Əliyevin hər zaman uşaqları diqqətdə saxladığını, yürütdüyü dövlət uşaq siyasətinin davam olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlərin həyata keçirildiyini, uğurlu islahatların aparıldığını diqqətə çatdırıb. Eləcə də vurğulanıb ki, ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın da həyata keçirdiyi sosial layihələr, gördüyü dəyərli işlər uşaqların inkişafına, rifah hallarının yüksəldilməsinə xidmət edir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın səlahiyyətləri və əsas fəaliyyət istiqamətləri, bu sahədə müraciətlərin araşdırılması, aparılmış maarifləndirmə tədbirləri, monitorinqlər, qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq Hüquqları Aylığının keçirildiyi, bu aylıq çərçivəsində Bakıda və hər bir rayonda Ombudsmanın mərkəzi Aparatı və regional mərkəzləri, yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları, bələdiyyələr, QHT-lər və icmalar tərəfindən silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb.
Bildirilib ki, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəaları əsas götürülərək Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində insan hüquqları təhsili bazasında 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən və uğurla davam etdirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 170-dən çox məktəb cəlb edilib, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 800-dən çox müəllim və direktor təşəkkürnamə alıb.
E.Süleymanovanın və AUGSŞ-nin üzvlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri barədə məlumat verilib, Liderlik məktəbinin üzvü 13 yaşlı Zaur Əsgərovun lisey yoldaşları ilə birgə “Əsgərə məktub” kampaniyası çərçivəsində ön xətdə olan əsgərlərə yazdığı məktubun hərbi qulluqçular tərəfindən sevinclə qarşılandığı, habelə Cocuq Mərcanlı kənd orta məktəbində də adı çəkilən aylıq çərçivəsində hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyi vurğulanıb.
Müharibə dövründə mülki əhalinin, o cümlədən azyaşlı uşaqların həlak olduğu, ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrildiyi, uşaqların da yaşamaq, sağlamlıq, təhsil almaq kimi hüquqlarının pozulduğu qeyd edilib.
Ombudsman tərəfindən əhalinin müxtəlif qrupları, xüsusilə də uşaq və gənclər arasında sağlam həyat tərzinin geniş təbliği, narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlər barədə geniş məlumat verilərək, bu sahədə mövcud qanunvericilik aktları diqqətə çatdırılıb.
Əlamətdar gün münasibətilə uşaqlara UNİCEF tərəfindən çap olunmuş Uşaq Hüquqları Konvensiyası paylanmış, Şəbəkənin səmərəli fəaliyyətinə dəstək məqsədilə Müvəkkil tərəfindən noutbuk və digər müvafiq avadanlıqlar təşkilata hədiyyə edilib.
Sonda tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandıran Ombudsman uşaqlara xoş arzularını bildirib, öz hüquqlarını öyrənib, həmyaşıdlarına öyrətməyi və eləcə də vəzifələrini unutmamağı tövsiyə edib.
Uşaqlar və valideynlər belə gözəl görüşün keçirilməsi üçün Müvəkkilə təşəkkürlərini bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə