Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Əqli Mülkiyyət Agentliyindən SİA-ya bildiriblər ki, tədbirin ilk günündə ÜƏMT-in Baş direktoru Frensis Qarrinin hesabatı dinlənilib. Təşkilatın ötənilki Baş Assambleyasının sonuncu toplantısından sonrakı bir il ərzində ÜƏMT-in müxtəlif sahələrdəki uğurları haqqında məlumat verən F.Qarri qeyd edib ki, sürətli texnoloji tərəqqi əqli mülkiyyət hüquqlarına tələbatın artmasına və ÜƏMT-in qlobal əqli mülkiyyət sistemlərinin inkişafına gətirib çıxarır. ÜƏMT-in qlobal əqli mülkiyyət sistemlərinə, xüsusilə də Patent Əməkdaşlığı Müqaviləsinə, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üzrə Madrid sisteminə və sənaye nümunələrinin beynəlxalq qeydiyyat üzrə Haaqa sisteminə qoşulanların sayı artır və bu tendensiya cari ildə də müşayiət olunur. Keçən il ərzində təşkilatın əldə etdiyi müsbət nəticələri diqqətə çatdıran F.Qarri üzv dövlətləri yeni texnologiyalar sahəsində fəaliyyətlərə, həmçinin gündəlikdə duran bir sıra əsas məsələlərin, o cümlədən sənaye nümunələri müqaviləsi və yayım təşkilatları üzrə diplomatik konfransın keçirilməsi məsələsinin həll olunmasına çağırıb.

Baş Assambleyanın açılış sessiyasında çıxış edən Kamran İmanov ÜƏMT Baş direktorunun innovasiya, yaradıcılıq və dayanıqlı inkişafa töhfələri təşviq edən, beynəlxalq əqli mülkiyyət sisteminin inkişafına kömək göstərən yüksək səmərəli fəaliyyətini dəstəklədiyini bildirib. O, Azərbaycan Respublikasında əqli mülkiyyət sahəsinin inkişafının və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlər kimi qəbul edildiyini, dövlət başçısının bu sahədə həyata keçirilən bütün tədbirləri dəstəklədiyini vurğulayıb.

Azərbaycanın əqli mülkiyyət sistemində bu yaxınlarda baş vermiş əhəmiyyətli struktur dəyişikliyinə toxunan Kamran İmanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Müəllif Hüquqları Agentliyi ilə Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi və yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin yaradıldığını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası ilə birlikdə vahid struktur formalaşıb. Aparılan struktur dəyişiklikləri Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafına və sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasına yeni impuls verilməsinə şərait yaradıb.

Daha sonra Kamran İmanov vurğulayıb ki, Azərbaycan Respublikası innovativ inkişaf yolu ilə inamla irəli gedir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Hesabatına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksi üzrə 35-ci, əqli mülkiyyətlə bağlı alt-indeks üzrə 37-cü, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksi üzrə isə üçüncü yeri tutur. Onun sözlərinə görə, inkişafın innovativ yolu investisiyaların cəlb olunmasını təşviq edən və innovasiyaları qoruyan əqli mülkiyyət sisteminin inkişafı olmadan mümkün deyil. Əqli mülkiyyət sistemi qarşısında duran məsələlər ölkənin innovasiya siyasəti ilə müəyyənləşdirilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir. Müxtəlif ölkələrdən min nəfərdən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizin uğurlarına toxunan Kamran İmanov xüsusilə qeyd edib ki, Azərbaycanda həyata keçirilən bu islahatlar və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin səyləri nəticəsində mümkün olub.

F.Qarrinin “əqli mülkiyyətin beynəlxalq quruluşu və forması gələcəkdə texnologiyalar vasitəsilə diktə ediləcək və idarə olunacaq” fikrinin tərəfdarı olduğunu söyləyən Kamran İmanov əqli mülkiyyətin müasir mənzərəsinin texnologiyaların təsirinə uyğunlaşacağına əminliyini bildirib. Bu məqsədlə universitetlərin 3.0 (təhsil+tədqiqat+biliklərin kommersiyalaşdırılması) istiqamətində köklü transformasiyası və beləliklə, texnologiyaların kommersiyalaşdırılmasının və transferinin önə çıxarılması nəzərdə tutulur.

Kiçik və orta biznes subyektlərinin artan iqtisadi rolu əqli mülkiyyət siyasətinin dəstəklənməsi və texnoloji innovasiyaların stimullaşdırılması, eləcə də universitetlərdə texnologiyaların kommersiyalaşdırılması və innovasiyaların dəstəklənməsi bölmələrinin inkişafı vəzifələrini qoyur. Buna uyğun olaraq, artıq texnologiyaların transferi mərkəzlərinin, texnologiya və innovasiyalara dəstək mərkəzlərinin yaradılmasına başlanılıb. O cümlədən Əqli Mülkiyyət Agentliyinin nəzdində əqli mülkiyyət sahəsində siyasətin tədrisi üçün müasir təlim mərkəzləri yaradılıb, ilk axtarış və ekspertiza üzrə çoxlu sayda broşür və bukletlər dərc edilərək potensial iddiaçılara təqdim olunub.

Patent Əməkdaşlığı Müqaviləsi, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişində ölkəmizin daha geniş iştirakı məsələsinə toxunan Kamran İmanov qeyd edib ki, bu məqsədlə dövlət zəruri xərclərin bir hissəsini öz üzərinə götürür, “start-up” və “spin-out”, o cümlədən milli brendlərin təşviqi üçün vergi imtiyazlarını nəzərdə tutur. Müəlliflik hüququ sahəsində “one-stop-shop” prinsipi üzrə rəqəmsal hüquqların idarə olunması üçün milli sistemin yaradılması başa çatdırılıb, həmçinin Respublika Elmi-Texniki Kitabxanasının tam rəqəmsallaşdırılması işlərinə başlanılıb.

Piratçılıq və saxtamalçılığa qarşı mübarizənin Agentliyin diqqət mərkəzində olduğunu vurğulayan Kamran İmanov nəzarət markaları sisteminin tətbiqindən sonra müxtəlif sektorlar üzrə piratçılığın səviyyəsinin 10-30 faizədək aşağı düşdüyünü, ÜDM-də kreativ industriyanın xüsusi çəkisinin 5.1 faizə çatdığını diqqətə çatdırıb. Azərbaycanın əqli mülkiyyət sahəsində baş verən dəyişikliklər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əksini tapıb.

Vurğulanıb ki, Azərbaycanın ÜƏMT ilə birgə həyata keçirdiyi, universitetlərdə və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti üzrə layihənin və şübhəsiz ki, ÜƏMT-in Baş direktoru F.Qarrinin bu ilin yayında Bakıya səfərinin ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işlərə əhəmiyyətli dəstəyi olub.

Qeyd edək ki, bu gün ÜƏMT-in mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi ilə birgə keçirilən, ölkəmizin zəngin mədəni irs nümunələrinin təbliği məqsədi daşıyan tədbirin açılışı olub. Azərbaycan nümayəndə heyətinin səfəri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə