Naxçıvan məktəbliləri Heydər Əliyev Mərkəzində

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının məktəbliləri martın 17-də Bakıda Heydər Əliyev Mərkəzində olublar. Məktəblilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Mərkəzdəki Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur.

Qonaqlar, həmçinin Mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Ölkəmizin milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada naxçıvanlı məktəblilərin diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılıb.

Məktəblilər, həmçinin Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə