Azərbaycan istehsalı olan döyüş vasitələri sınaqdan keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib. İdarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə hazırlanmış müxtəlif döyüş vasitələri və texniki avadanlıqların nümunələri Müdafiə nazirinə təqdim olunub, onların döyüş imkanları nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə