“Heydər Əliyevin Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb” –BƏHRUZ QULİYEV

“Ulu Öndər Heydər Əliyev ilk növbədə böyük Azərbaycanlı idi və Onun bizlərə miras qoyduğu Azərbaycançılıq, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyası xalqımızın, dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rolunu oynayıb”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, məhz Ulu Öndərin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu: “Əlbəttə, bu danılmaz reallıq ölkəmizin çoxşaxəli inkişafında, sabitliyə doğru irəliləməsində, dünya birliyində layiqli yer tutmasında və bu birlikdə yer almasında öz əvəzsiz, müsbət təsirlərini göstərdi. Çünki o dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı əminliklə öz Liderinə etimad etdi və bu etimad təbii ki, hər bir azərbaycanlının gələcəyə inamlı baxışında öz təşəkkülünü tapmış oldu”.

Siyasi ekspert onu da bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası olub ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu bütün çıxışlarında vurğulayır: “Biz bilirik ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. O cümlədən, ölkəmizin başçısı cənab İlham Əliyev həmin siyasəti daha da təkmilləşdirir, milli dəyərlərimizin qorunaraq-saxlanılması barədə tezislərini bütün çıxışlarında vurğulayır, xüsusilə gənclərimizin həmin istiqamətdə gələcək həyatlarını qurmalarına öz mühüm tövsiyələrini verir”.

Bəhruz Quliyev daha bir tarixi məqamı da xatırladaraq bildirib ki, artıq bu dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır: “Əbəs deyil ki, müxtəlif hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan Onun səsinə səs verdi, ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü idi”.

“SƏS” qəzetinin baş redaktoru bu ideoloji prinsiplərin uğurla davam etdirildiyini diqqətə çatdırıb: “O da sirr deyil ki, Azərbaycançılıq ideologiyasından qaynaqlanan xalq-iqtidar vəhdəti dayanmaqdadır. Cənab İlham Əliyevin müstəqil Azərbaycanımızı dünya birliyi çərçivəsində ən mötəbər yerlərə ucaltmasında, ölkəmizin beynəlxalq arenadakı liderlik mövqeyinin möhkəmləndirilməsində, nəhəng layihələrin təşəbbüskarı və ideyavericisi kimi çıxış etməsində, ümumiyyətlə, hər bir uğurlarımızda xalqın Prezidentinə etimadı və Prezidentin xalqına güvənməsi faktoru dayanıb. Əlbəttə, bu yolu qazanmaq, əldə etmək və qorumaq çox çətin siyasi-tarixi proseslərlə müşahidə edilib və məhz Azərbaycançılıq ideologiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması, Prezident İlham Əliyev tərəfindən isə davam etdirilməsi faktı qeyd edilən bütün fikirləri kifayət qədər təsdiqləmiş olur”.

Bəhruz Quliyev onu da vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın fəaliyyəti əsasında da qeyd edilən reallıqlar dayanır və bu reallıqlar əlbəttə ki, bütövlükdə milli-mənəvi dəyərlərin, milli məfkurənin, Azərbaycançılıq ideologiyasının təməllərini möhkəmləndirir: “Əbəs deyil ki, Mehriban xanım Əliyevanın bu kimi önəmli məsələlərdə daim öndə olması, ölkəmizin, xalqımızın səsinin dünya birliyinə çatdırılması kimi faktorlar dövlət siyasətimizin tərkib hissəsinə çevrilib və söz yox ki, bu siyasətin mərkəzində xalqın dəstəyi, sevgisi amili də dayanmaqdadır. Bu baxımdan, Heydər Əliyev adının yaşaması, yaşadılması artıq bir vəhdət şəklini almışdır və bu vəhdət əbədi olaraq öz mövcudluğunu qoruyub-saxlayacaq”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə