Elmar Məmmədyarov İsveçrənin ökəmizdəki səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştadleri qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan nazir Elmar Məmmədyarov bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

İki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildiriblər.

Görüş zamanı həmçinin səfir Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirilib.

Səfir Filip Ştadler diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Filip Ştadlerə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...