"Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə anlatmaq istəyir ki..." ÖZƏL-ŞƏRH

"Fikrimcə, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni reallıq dedikdə işğalçı dövlətdəki siyasi və iqtisadi vəziyyəti nəzərdə tutur". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan 8 ay ərzində istədiyini əldə etdi: "Birincisi, o 20 illik “Qarabağ klanını” hakimiyyətdən uzalaşdırdı. İkincisi, Paşinyan keçən ilin dekabr ayında parlament seçkisində qələbə çalaraq hökuməti formalaşdırmaq imkanı qazandı. Üstəgəl parlamentdə elə bir mütləq çoxluğa malikdir ki, Konstitusiyada da dəyişiklik edə bilər. Buna baxmayaraq, Paşinyan elə ilk gündən ciddi problemlə üz-üzə qalıb. Paşinyana iqtisadi islahatlara başlamaq və illərdən bəri yığılıb qalan sosial problemlərin həlli üçün resurslar lazımdır. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana kredit vermək istəmirlər. Çünki bilirlər ki, iqtisadiyyatı ağır vəziyyətdə olan Ermənistan kreditləri qaytarmaq gücündə deyil. Misal üçün Ermənistanın hazırdakı xarici borcları az qala dövlət büdcəsinə yaxınlaşır. Bunu hamı görür. Paşinyan hansı dövlət və ya dövlətlərdən kredit ala bilər? Paşinyan kreditlə bağlı ABŞ, Avropa Birliyi və Rusiyaya müraciət edə bilər. Ancaq o üçündən də rədd cavabı alacaq.

Ermənistanın keçmiş hakimiyyəti onsuz da Rusiyadan 200 milyon dollar güzəştli kredit alıb. Ancaq həmin kredit iqtisadiyyata deyil, elə Rusiyanın özündən silah alınmasına xərclənib. Rusiya bu 200 milyon dollardan başqa Paşinyan hökumətinə çətin ki, kredit ayırsın. Bundan əlavə Rusiya Ermənistana satdığı qazın qiymətini artırıb. ABŞ prezidenti Donald Tramp heç bir ölkəyə borc pul vermir. Tam əksinə, Tramp başqalarından Amerikanın borcunun qaytarınmasını tələb edir. Ona görə də Paşinyanın Vaşinqtona müracitəi cavabsız qalacaq. Avropa Birliyi bir miqdarda Paşinyana kredit verə bilər. Ancaq həmin pulun miqdarı çox az olacaq. Avropanın özündə iqtisadi problemlər var və Brüssel əlindəki vəsaiti ehtiyatla xərcləyir. Paşinyanın vaxtı azdır. Ermənistan vətəndaşları qısa müddətdə iqtisadiyyatda dönüş gözləyirlər. Ancaq Paşinyan sehrbaz deyil. Ermənistandakı bir sıra müəssisələr maaş tələbi ilə etiraz nümayişlərinə çıxırlar. İqtisadi problemlər dərinləşdikcə Ermənistanda növbəti qarşıdurma yaranacaq. Nikol Paşinyan ehtiyat edir ki, rəsmi Bakı bu qarşıdurmadan öz məqsədləri üçün istifadə edərək işğal altındakı torpaqların bir hissəsini azad etməyə çalışa bilər. Paşinyan o qədər də haqsız deyil. Bəli, biz əlimizə düşən fürsətdən istifadə etməli, 2016-cı ilin aprelindəki və keçən il Naxçıvandakı uğuru təkrarlamalıyıq. Azərbaycan Prezidenti son çıxışları ilə Ermənistan hakimiyyətinə və cəmiyyətinə bunu anlatmaq istəyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə