Güclü Xalq, güclü Dövlət, güclü Lider vəhdəti

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dövlətlərin dünyada cərəyan edən qlobal proseslərin önündə getməsində liderlərin xüsusi əhəmiyyəti var. Çünki liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın, dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də xalqın rifahı faktorunda İlham Əliyev LİDERLİYİ amili mövcuddur. Artıq 15 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Azərbaycan xalqı son 25 ildə Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində davamlı inkişafın, tərəqqinin şahidinə çevrilib. Bu baxımdan, hazırda müasir beynəlxalq münasibətlər sistemində söz sahibi olan, planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin, kollapsların müşahidə olunduğu, həmçinin aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə yüksələn xətlə inkişaf edən müstəqil Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyəti, ən böyük sərvətidir və qürur mənbəyidir!

Çevik, qətiyyətli və düzgün qərarlar qəbul edən Prezident

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

O da sirr deyil ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində formalaşmış mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi xəttini dönmədən davam etdirməyə qadir, peşəkar, intellektual səviyyəli, dünya miqyasında cərəyan edən proseslərin mahiyyətini duyan praqmatik Lider tərəfindən davam etdirilməsi Azərbaycanın iqtisadi və geosiyasi durumundan irəli gələn tələbat olmuşdur.

Həmçinin, dövlətimizin başçısı bu müddətdə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir vətəndaşın marağına cavab verən, cəmiyyət həyatının ən müxtəlif sahələrində uğurlu nəticələrə yol açan çevik, qətiyyətli və düzgün qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin zamanla səsləşən idarəçilik üslubunda diqqəti çəkən üstün cəhət məhz bundan ibarətdir ki, ölkə başçısı mövcud reallığı obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal, düzgün qərarlar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsini dərindən mənimsəmiş cənab İlham Əliyev Ulu Öndərimizin möhkəm əməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirmək üçün zəruri liderlik keyfiyyətlərinə malikdir. Praqmatizm, səmimilik, siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə, toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən mühüm elementlər sırasında xüsusi vurğulana bilər.

Bütün problemlərə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan alternativsiz dövlət başçısı

Geridə qalan müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş sülhünə və həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində tamamilə yeni mərhələnin əsası qoyulmuşdur. Onun ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük uğurla həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur. Azərbaycan Prezidenti həmçinin bəyan etmişdir ki, müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış edir. Cənab İlham Əliyev xüsusi qeyd etmişdir ki, ölkənin və xalqın bütün problemlərinin, sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək hər bir maneənin dəf edilməsinin ən optimal yolu məhz iqtisadi tərəqqidən keçir. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, effektiv xarici siyasət deməkdir. Təsadüfi deyildir ki, həm Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyəti illərində, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sonrakı üç illik fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi bu sahənin üzərinə salınmışdır.

Beləliklə, güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. "Bizim hamımızın vəzifəmizdir ki, ölkədə bu siyasəti davam etdirək, əldə olunan uğurları artıraq və hərtərəfli inkişaf üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməl üzərində müasir Azərbaycan yaradaq " - deyən cənab İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.

Sosial-iqtisadi sahədə qazanılan uğurlar, inamla həyata keçirilən qlobal layihələr...

Cənab İlham Əliyevin sosial məsuliyyət prinsipinə ciddiliklə riayət edərək fəaliyyəti ilə bağlı vaxtaşırı xalq qarşısında hesabat verməsi onun müstəqil dövlətçilik tariximizdə əsasını qoyğudu xoş ənənələrdən birinə çevrilmişdir. "Biz xalqın xidmətçiləriyik " - deyən cənab İlham Əliyev özünün də sıravi vətəndaşlarla ünsiyyətdə söylədiyi kimi, komandasının hər hansı üzvünün tutduğu vəzifəyə nə dərəcədə layiqliyini Onun xalqa göstərdiyi xidmətlə müəyyənləşdirir.

Dövlət başçısının vətəndaşlarla birbaşa təmaslara üstünlük verməsi, onlarla səmimi ünsiyyətdə olması, narahatlıq doğuran problemlərin yerindəcə həlli üçün operativ göstərişlər verməsi ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir.

Prezident İlham Əliyev sosial-iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərlə yanaşı, respublikamızın beynəlxalq əməkdaşlığında mühüm rol oynayan transmilli layihələrin gerçəkləşdirilməsi məsələsini də xüsusi diqqət mərkəzində saxlamışdır. Sosial-iqtisadi sahədə qazanılan uğurlar, inamla həyata keçirilən qlobal layihələr Azərbaycanı həm də beynəlxalq əməkdaşlıq mərkəzinə çevirməklə, onun xarici siyasətdə, diplomatiya sahəsində mühüm uğurlar qazanmasını təmin edir. Ötən üç ildə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış, milli maraqları özündə ehtiva edən xarici siyasət kursunu inamla davam etdirən Azərbaycan Prezidenti bu doktrinanı yeni taktiki gediş və manevrlərlə zənginləşdirmişdir.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarını möhkəmlətmək, siyasi plüralizm, demokratikləşmə prosesini dərinləşdirmək, bu yöndə Qərbə inteqrasiya - Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir. Demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində qazandığımız uğurlar, Prezident İlham Əliyevin bu sahədə yeritdiyi siyasət beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, təşkilatları tərəfindən müsbət qiymətləndirilir. Böyük müdrikliklə tətbiq edilən balanslaşdırılmış xarici siyasət nəticəsində bu gün Azərbaycan öz haqq sözünü BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin, Avratlantika Tərəfdaşlıq Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər nüfuzlu beynəlxalq qurumların tribunasından bütün dünyaya çatdırmaq imkanlarına malikdir.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli mənafelərinə və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətindəki diplomatik fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Xüsusilə, aprel müharibəsindən sona biz Onun işğalçılara qarşı səsləndirdiyi bəyanatlarından da göründü ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğal faktı ilə barışmayacaq. Prezident cənablarının səngərlərdə əsgərlərlə görüşləri, eləcə də cəbhə xəttində yaşayan sadə vətəndaşlar qarşısındakı çıxışları hər bir azərbaycanlını sevindirir, qürrələndirir!

Milli birliyin möhkəmləndirilməsində milli həmrəylik faktoru

Cənab İlham Əliyev bütün xarici səfərlərdə, görüşlərdə bu problemi ön plana çəkir, ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırır. Dövlət başçısı problemi Azərbaycanın ümdə maraqları qorunmaqla, beynəlxalq hüquq və normaları çərçivəsində sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edəcəyini dəfələrlə vurğulamışdır. Nəticədə rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin getdikcə güclənməsi müşahidə olunur və bunu dövlət başçısı cənab İlham Əliyev də razılıqla bildirmişdir.

Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır.

Ümumiyyətlə, dövlət başçısının fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Elmin, təhsilin, mədəniyyətin, idmanın və s. sahələrin inkişafı üçün atılan addımlar buna sübutdur. Birmənalı qənaət bundan ibarətdir ki, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət amalı üzərində qurulmuşdur. Dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutmaqla, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

Ən əsas amil isə, təvazökarlığı həyat tərzinə çevirən Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. O, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir. Və məhz buna görə, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanır. O dəfələrlə sübut edib ki, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə Azərbaycanı daha böyük zirvələrə aparacaq.

Bizlər də möhtərəm İlham Əliyev cənablarını bu münasibətlə təbrik edir, Ona can sağlığı, davamlı uğurlar və daha böyük zirvələri fəth edən qələbələr arzulayırıq!

MÜXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə