"Ermənistanda 2 milyon yarım seçicinin olması qeyri-mümkündür" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yaydı ki, seçkilərdə 2 milyon yarım seçici qeydə alınıb. Bundan böyük saxtakarlıq, yalan ola bilməzdi. Bu gün Ermənistanda bütövlükdə əhalinin sayı özlərinin hesablamalarına görə heç 2 milyonu ötmür. Onlar 3 milyondan artıq əhali göstərirlər. Amma bunlar 20-25 il bundan qabaq Ermənistandan tamamilə köçüb gedənləri, Ermənistanda yaşamayanları da siyahıda saxlayıb seçici kimi təqdim edirlər. Yəni Ermənistanda 2 milyon yarım seçicinin olması qeyri-mümkündür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, əhalinin sayından çox seçici ola bilməz: “İkincisi, seçkilərdə əhalinin son dərəcə passiv iştirak etməsi göz önündə idi. Biz bilirik ki, seçkilərdə əsas fəallıq günortaya qədər olur. Günortadan sonra isə fəallıq olmur. Əgər belə idisə 40 faiz səs haradan gəlib ortaya çıxdı. Təbii ki, bu da saxtakarlıqdır. Bu nə deməkdir? Bu erməni xalqının erməni iqtidarına, siyasətçilərinə, siyasi liderlərinə etibarlarının, etimadlarının tamamilə itməsi deməkdir. Artıq bu xalq, millət əllərini hər şeydən üzüblər və heç nəyə də inanmırlar. Hətta onlar Paşinyanın o hay-küyünü də sıfıra endirdilər. Yəni sübut etdilər ki, biz heç kimə inanmırıq. Seçkilərə gəlməmək, iştirak etməmək elə bunun bariz göstəricisi idi. Paşinyanın isə seçkilərdən sonra hansı kursu seçəcəyi onun özündən asılıdır. Yəni Paşinyan da bizim cənab Prezidentimizin vurğuladığı kimi özündən əvvəlkilərin hərbi canilərin, cinayətkarların getdiyi yolla getsə, o səhvləri etsə Paşinyanın aqibəti onlarınkından da betər olacaq.

Paşinyan düzgün yola düşsə, ədalətli konstruktiv mövqe tutsa Ermənistan düşdüyü bu fəlakətdən, böhrandan qurtula bilər. Burada yeganə yol var o da Ermənistan qonşu dövlətlərə qarşı olan düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməlidir və qonşularla normal münasibət yaratmalıdır. Bunu başqa yolu yoxdur. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən tamamilə çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Ermənistan Türkiyəyə qarşı olan tarixi ədalətsiz iddialarından əl çəkməlidir. Bax bu şərtlər daxilində Ermənistan dövlət kimi yaşaya bilər. Əks təqdirdə işğalçı ölkəni bundan da pis günlər gözləyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə