"Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib” AÇIQLAMA-ÖZƏL

“25-26 oktyabr tarixlərində Bakıda Dayanıqlı İnkişafa dair Bakı Forumundan gözləntilərimiz böyükdür. Beynəlxalq forumda müxtəlif transmilli korporasiyaların, sabiq dövlət rəhbərlərinin iştirakı gözlənilir ki, bunun özü önəmli faktorlardan biridir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, ölkəmizə gələnlərin ilk növbədə Azərbaycanla tanış olur ki, bunun özü turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq forumlarda ciddi qərarların, dünyada mövcud olan qlobal problemlərin həlli istiqamətində qərarların qəbul olunduğunu deyən C. Osmanov söyləyib ki, bu cür tədbirlər Azərbaycanın özünün təbliğatı baxımından da önəmlidir: “Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması faktının beynəlxalq tribunalarda müzakirə edilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini ortaya qoyur, beynəlxalq ictimaiyyət ölkə həqiqətlərimiz haqqında geniş məlumat əldə edirlər”.

Deputat qeyd edib ki, beynəlxalq tribunalar ölkəmizin inkişafının təqdimatı baxımından da mühümdür: “İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə