“Paşinyanın məntiqsiz çıxışları həmsədrlər tərəfindən birmənalı qarşılanmamalıdır” AÇIQLAMA-ÖZƏL

“Paşinyanın seçkiqabağı siyasi oyunları və verdiyi qeyri-adekvat bəyanatlar göstərir ki, həmin ölkədə keçirilən Frankafoniya tədbirinin özü də siyasi şoudur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Bir müddət əvvəl Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında, eləcə də Frankofoniya sammitinin açılışında münaqişə ilə bağlı iftira və yalanlar səsləndirdiyii deyən A. Nağıyev söyləyib ki, Düşənbə danışıqlarında fərqli fikirlər irəli sürən Paşinyan indi özü-özünü təkzib edir: “Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən, eyni zamanda, illərdir insan haqlarının tapdalanması ilə məşğul olan işğalçı bir dövlətdə Frankofoniya kimi tədbirlərin keçirilməsi və burada iştirak heç bir beynəlxalq normaya və hətta adi məntiqə sığmır. Bundan başqa, hətta Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir”.

Siyasi ekspert qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən məntiqə sığmayan çıxışlar ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də birmənalı qarşılanmamalıdır: “Ermənistanın bu cür əsassız iddiaları ilə beynəlxalq ictimaiyyəti aldadaraq diqqəti Azərbaycan ərazilərinin hərbi işğalı faktından yayındırmaq cəhdləri göstərir. Bu şou Paşinyanın seçkiqabağı ritorikasından başqa bir şey deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...