Elşən Manafov: “Bunun arxasında geopolitik maraqların olması istisna edilmir” AÇIQLAMA

“Gəncə hadisələri terror aktıdır. Çünki icra hakimiyyətinin başçısı Azərbaycan Prezidentini təmsil edir”. Bunu SİA-ya açıqlamasında Demokratik Sol Partiyasının sədri, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bu, dövlətçiliyə qarşı baş vermiş cinayət hadisəsidir: “Əgər hadisəni həyata keçirən şəxslər başqa ölkələrin xüsusi xidmət orqanları ilə bağlıdırsa, bu, yalnız terror hadisəsi deyil, həm cəsusluqdur, ölkəni parçalamağa cəhddir. Eyni zamanda bunu Cənubi Qafqazda öz mövqelərini gücləndirən və beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətə qarşı müəyyən dairələrin həyata keçirtmək istədiyi terror hadisəsi kimi qiymətləndirmək lazımdır. Bunun arxasında geopolitik maraqların olması istisna edilmir. Çünki Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də, dünyada nüfuz sahibi olan dövlətdir. Böyük dövlətlərin Azərbaycana etimadı var. Danışıqlar məkanı kimi də Bakının seçilməsi Azərbaycan dövlətinə, onun rəhbərinə böyük güclərin etimadı kimi dəyərləndirilməlidir. Ancaq Azərbaycandakı sabitlik və inkişaf bəzi qüvvələrin marağında deyil. Ona görə də sabitliyi pozmaq, iqtidara qarşı iğtişaşlar yaratmaq müəyyən dairələrin marağına xidmət edir. Bu mənada Azərbaycanda insan haqlarının pozulmasını qabardıb, daxili işlərinə müdaxilə etmək istəyən qüvvələr var. Bütün hallarda bu səpkidə hadisələrin Azərbaycanda baş verməsi üçün sosial baza yoxdur. Azərbaycan hakimiyyətinin sosial bazasına isə aprel ayında keçirilmiş prezident seçkiləri bir daha aydınlıq gətirdi. Seçkilərin tamamilə demokratik şəraitdə keçməsi göstərdi ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu var. Seçkilər xalqın Azərbaycan Prezidentinə yüksək etimadını sübut etdi”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə