Elxan Şahinoğlu: “Gəncə xüsusi imza qoymuş şəhərdir" ÖZƏL

“Azərbaycanda xaos yaratmaq istəyən daxili və xarici qruplar var. Buna Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda da eyham vurub. Həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil. Gəncə Azərbaycanın uzaq və yaxın tarixində xüsusi imza qoymuş şəhərdir. Bunu Azərbaycanın düşmənləri də bilir. Buna görə də təxribat üçün Gəncə seçildi”.

Politoloqun sözlərinə görə, Prezident qısa müddətdə iki müşavirə keçirdi: “Prezidentin iyulun 9-da nazirlərin iştirakı ilə keçirdiyi iclas 2018-ci ilin ilk 6 ayının iqtisadi yekunlarına həsr olunsa da, son hadisələrlə bağlı ciddi mesajlar verildi. Dövlət başçısı Azərbaycanda siyasi sabitliyin davam etdiyini dedi. Prezidentin sözlərindən aydın oldu ki, cəmiyyətdə xaos yaratmaq istəyən qüvvələrə qarşı sərt tədbirlər görüləcək.

Prezident cəmiyyəti sakitləşdirməyə çalışır. Əsas tezis budur ki, Prezident ölkəyə nəzarət edir və xaosa, anarxiyaya və inqilaba yol verilməyəcək. Bunu istəyənlər isə həbs olunacaq. İlham Əliyev Brüsseldən Bakıya qayıtdıqdan sonra güc nazirlərinin iştirakı ilə daha bir toplantı keçirdi. Bunun da məqsədi eyni idi - ölkədə xaos yaratmaq istəyən daxili və xarici qruplar məqsədlərinə nail olmayacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə