“Rəsmi Bakı Qüds məsələsində beynəlxalq hüquq normalarına əsaslanır” AÇIQLAMA

“Azərbaycan Respublikası Qüds məsələsində beynəlxalq hüquq normalarına əsaslanıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün qərarları məhz BMT-nin Təhlükəsizlik Şurasının verdiyi qərarlar əsasında yerinə yetirir: “Rəsmi Bakının istəyi danışıqlar yolu ilə sülh istiqamətində irəliləyişi əldə etməkdən ibarətdir. Azərbaycan bu mövqeyi hər zaman müdafiə edib. Məhz beynəlxalq hüquq normaları istənilən siyasi qərarların arxasında olmalıdır”.

A.Mollazadə bildirib ki, digər ölkələrin Qüds məsələsinə mövqeyi fərqlidir: “Bunun üçün də bizim mövqeyimiz ölkələrin siyasi mövqeləri əsasında qərarları vermək deyil, məhz BMT-nin prinsipləri əsasındadır. Biz tezliklə bölgədə sülhün əldə olunmasını istəyirik. Azərbaycan hər zaman iki dövlət qərarına dəstək verir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə