Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılıb.

BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, müəyyən edilmiş ərazi prinsipi tətbiq olunan məktəblər, digər dildə tədris aparılan bölmənin seçilməsi, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə qəbul üzrə avtomatik elektron sorğu yaradılması, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə