BSU-da respublika elmi konfransı keçirilib

Bu gün Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Slavyan Universitetində (BSU) "Azərbaycan təhsilində dəyərlər sistemi" mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Tədbirdə çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru Rafiq Novruzov 2018-ci ilin bütövlükdə kollektiv üçün uğurlu olduğunu, tədris prosesinin keyfiyyətcə yüksəldiyini, universitetin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə yaradılmış Bakı Slavyan Universitetinin müstəqil Azərbaycan dövlətinin təhsil siyasətinin həyata keçirilməsində, sağlam mənəvi mühitin yaradılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayan ali təhsil ocaqlarından biri olduğunu qeyd edib.

Sonra "Müəllim şəxsiyyəti və pedaqoji dəyərlər", "Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasına təsir edən amillər" və s. mövzularda məruzələr dinlənilib.

Konfransın bölmə iclaslarında "Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti", "İbtidai və məktəbəqədər təhsil problemləri", "Pedaqogikanın müasir problemləri”, "Psixologiya müasir təhsil sistemində" və "Təhsildə informasiya texnologiyalarından istifadə məsələləri" mövzuları üzrə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə