SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub

SOCAR-ın Türkiyədə həyata keçirdiyi investisiya layihələri müzakirə edilib. Şirkətdən SİA-ya verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir meqalayihənin reallaşdırılmasında hər iki qardaş ölkənin dövlət başçılarının göstərdiyi qətiyyətli mövqe və siyasi həmrəylik həlledici faktorlar kimi qeyd olunub, SOCAR-ın Türkiyədə həyata keçirdiyi bütün əməliyyatlarında ölkə başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi diqqət, davamlı dəstək xüsusi vurğulanıb. SOCAR-ın Türkiyədə həyata keçirdiyi nəhəng investisiya layihələri müzakirə edilib, onların Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

Rəsmi görüş və müzakirədən sonra qonaqlar “SOCAR Tower”də ölkəmizin qədim neft tarixini və ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə