Prezident İlham Əliyev bu gün Davosda çıxış edəcək

Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün hazırda İsveçrənin Davos şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00-da) “Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin trilyon dollarlıq baxışı” panelində çıxış edəcək.

SİA Davos Forumunun rəsmi saytına istinadən xəbər verir ki, panelin gündəliyinə problemli borc məsələlərinin yaratdığı risklər, dayanıqlı inkişafın imkanları və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq mövzularının müzakirəsi daxildir.

“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin yaxın onillikdə Cənub-Şərqi Asiya, Cənubi Asiya və Mərkəzi Asiyanın infrastrukturuna 1,5 trilyon dollar investisiya qoyacaq. Biznes və hökumətlərin bununla əlaqəli siyasi və iqtisadi risklərin öhdəsindən necə gələcəkləri, həmçinin, inkişaf və iqtisadi artımın mühərriki kimi bəşəriyyət tarixindəki ən ambisiyalı infrastruktur layihələrinin uğur qazanmasını necə təmin etmək kimi suallara da bu paneldə cavab axtarılacaq.

Qeyd edək ki, 110 ölkədən 3000-dən çox iştirakçı qatılacağı bu ilki Davos forumunda 350-dən artıq paneldə müxtəlif məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu ilki Davos forumuna 110 ölkədən 3000-dən çox iştirakçı qatılacaq. Forumda 350-dən artıq paneldə müxtəlif məsələlər müzakirə olunacaq. Azərbaycan prezidenti ilə yanaşı foruma 60-dan çox ölkənin rəhbəri qatılacaq. Bunlar arasında Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstanın prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh, Ermənistanın baş naziri Nikol Paşinyan və digərləri də yer alır. Həmçinin BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta Fondu, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə