Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək

Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək.

KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) Azərbaycandakı nümayəndəliyindən SİA-ya bildiriblər ki, avqustun 19-dan sentyabrın 1-dək Koreya Respublikasında təşkil ediləcək "Azərbaycan vergi məmurları üçün Koreya vergi sisteminin müqayisəli öyrənilməsi" mövzusunda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə CIAT təlim proqramında iştirak edəcək Azərbaycanın Vergilər Nazirliyinin 17 əməkdaşı üçün təqdimat görüşü keçirilib. Təlim proqramı ərzində Koreyanın Dövlət Vergi Xidmətinin rəsmiləri və ekspertləri ilə müzakirələrin aparılması, həmçinin Dövlət Vergi Xidmətinin IT sistemi, fərdi və korporativ gəlir vergisi sistemlərinin siyasəti və prosedurları, vergiyə cəlb edilən sahibkarların monitorinq sistemi, ƏDV üzrə siyasət və prosedurlara dair mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

Görüşdə KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru xanım Park Kumok sözügedən təlim proqramının Koreyanın sosial-iqtisadi inkişafı və qabaqcıl vergi sisteminin öyrənilməsinə yönəldildiyini bildirib. O, təlim ərzində əldə olunacaq bilik və bacarıqların Azərbaycanın dayanıqlı inkişafı üçün tətbiq ediləcəyinə ümidvar olduğunu qeyd edib.

İştirakçıların Koreyaya dair anlayışını artırmaq üçün KOICA Azərbaycan nümayəndəliyinin təlim üzrə koordinatoru Pərvin Qarazadə Koreyanın Rəsmi İnkişaf Yardımı, dili, mədəniyyəti, KOICA-nın qaydaları və təlim proqramının şərtləri barədə iştirakçılara məlumat verib, onlara "Təlim iştirakçıları üçün təlimat" və "KOICA-nın xəbər bülleteni" kitabçalarını təqdim edib.

Təlim müddətində iştirakçılar Azərbaycanın vergi sisteminin tarixi, vergi sistemi və idarəedilməsi ilə bağlı çətinliklər və müvafiq olaraq görülən tədbirlərə dair təqdimat edəcək. Həmçinin əldə edilən biliklərə dayanaraq iştirakçılar təlimin son günündə fəaliyyət planı hazırlayacaq.

İştirakçılar, öz növbəsində, Koreya hökumətinə minnətdarlıqlarını bildiriblər və iki hökumət arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yaxından iştirak edəcəklərini vəd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə