Həkim briqadaları obalardakı heyvandarlara tibbi xidmət göstəriblər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Ordubad Rayon Mərkəzi Xəstəxanasının terapevt, kardioloq, cərrah, stomatoloq və pediatrlardan ibarət çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarları və ailə üzvlərini tibbi müayinələrdən keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda təkcə Əyriçay yaylağında 2 oba məskən salıb. Onların öhdəsində 5 min başa yaxın mal-qara, qoyun-quzu var. Çadırlarda Kəngərli rayonunun Çalxanqala kəndindən gəlmiş fermer və çobanların 32 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılıb. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib.

Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilib, gigiyenik qaydalara əməl olunması barədə səhiyyə maarifi işi aparılıb.

Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası ərazidəki Vayxıryurd obalarında olub. Terapevt, stomatoloq və pediatrlardan ibarət həkim briqadası 4 çadırda məskunlaşan 13 nəfəri profilaktik tibbi müayinələrdən keçirib, ilkin tibbi yardım üçün dərmanlar paylanıb.

Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə rayonun Dəmirli yaylağı ərazisində Camaldın kəndindən məskunlaşan heyvandarlara tibbi xidmət göstərib.

Obalarda tibbi xidmət mövsüm boyu davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...