Ramin Quluzadə Salyanda vətəndaşlarla görüşüb

Dekabrın 15-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan rayonunda vətəndaşlarla görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, nazir Ramin Quluzadə və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyan şəhərindəki abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra nazir Ramin Quluzadə Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıldan olan sakinlərin telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaşların müraciətlərindəki əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Regiona səfəri çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Nazir müvafiq sahə rəhbərlərinə vətəndaş müraciətlərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi üçün tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə