Tanınmış şair, yazıçı-dramaturq Rəşad Məcid hər zaman müxtəlif mövzulara maraqlı yanaşmaları ilə seçilib. Onun son günlərdə qələmə aldıqları da bu qəbildəndir... SİA Rəşaq Məcidin "Uçmaq və Enmək" başlıqlı yazılarını oxuculara təqdim edir.

UÇMAQ

İnsanın xoşbəxtlikdən sərməst olduğu anları yalnız uçmaqla müqayisə etmək mümkündür. Uçmaq - ruhun göylərdə cövlan eləməsi, bədənin ən yüngül, ən rahat halıdır. Tolstoyun "Anna Karenina"sındakı məşhur bir fikri kiçik interpretasiya ilə yada salaq: Bütün xoşbəxtlər bir-birinə bənzəyir, bədbəxtlər isə hərəsi bir cür bədbəxtdir.

Deməli, dahi Tolstoy da xoşbəxtliyi yalnız bir tonda, bir rəngdə, bir sifətdə görə bilib. Dünyanın ən xoşbəxt sevgisini yaşayanlar - yaşayıb hisslərini sözə çevirmək istəyənlər, yəqin, təsvirin çərçivəsinin məhdudluğundan gileyləniblər. Sıxıntının, darıxmağın min cür üzü varsa, xoşbəxtliyin rəngi birdir. İşıqdır - adamın çöhrəsinə çökən ilahi nurdur. İşıq, nur göylərdədir. Xoşbəxtlər isə o nurun sayəsində göylərə qalxanlar, ilahi rahatlığa yaxınlaşanlardır.

"Xoşbəxtlikdən uçmaq" ifadəsi var. Görünür, bu halın ən sərrast izahı elə uçmaqdır.

Narkotika, narkoz,.. təmasın ən üstün məqamı. Və hər birində uçmaqla bağlılıq var. Birincidə ildırım sürətiylə pətəkdən-pətəyə girən ruh. İkincidə bir az daha az sürətlə uçmaq. Uçurdu - narkotikdən halları dəyişənlərə də deyirlər. Əlbəttə, ucmağın ən təbiisi, ən gözəli və ən dadlısı - üçüncüdür.

Titrəmək, əsmək - uçuşqabağı həyəcanın əlamətidir. İnsanlar paraşütlə uçmağı niyə arzulayırlar?! Yəqin ki, qısa müddətdə də olsa, o xoşbəxt anı yaşamaq üçün.

Bəlkə də, buna görə xoşbəxt sevgilərin, xoşbəxt anların təsviri məhdud və coxçalarlı deyil.

Həm də uçanda qələm tutmaq olmur, axı!

ENMƏK

Xoşbəxtlik - göylərə qalxmaq, ruhun qanadlanması, nura boyanmaqdırsa, həsrət, ağrı, acı, qüssə - dərinə enməkdir. Dərinə endikcə heyrətdən buza dönürsən.

Göylərdə, səmada süzmək - kainatın eyni rəngindən və sonsuzluğundan qanadlanmaqdırsa, dərində əsrlərin yaddaşı hopan maddi nə desən var. Yəqin ona görədir ki, qüssə, qəm içində insan dərinə enir və dərinə endikcə də indiyəcən bilmədiyi sirlərdən agah olur.

Düşünənə, hansısa suala cavab axtarana "dərinə get" deyirlər.

"Göyə qalx" çağırışında sual yoxdur.

"Göyə qalx" cavabdır.

Dərində batmaq, boğulmaq mümkündür.

Dərində batıb qalmaq mümkündür.

Göylərdən yerə mütləq düşməlisən, amma dərində səni nələrin gözlədiyi, sonunun necə olacağı bəlli deyil. Dərdin məkanı dərinlərdədir. Göylər müvəqqətidir. Əbədi məskənimiz də torpağın dərinliyindədir və yazdıqca tükənməz, düşündükcə bitməz suallarla doludur. Ona görə dərddən çox yazırlar.

Xoşbəxtliyin rəngi bir olduğu kimi, ömrü də azdır. Sıxıntının ömrü isə çox uzundur. Bəlkə, həm də buna görədir xoşbəxtliyin təsvirinin daha az olması. Uzun ömürlü sıxıntılardan çox bəhs edilməsi də elə buna görədir yəqin!

Dərinə enməyi tək də bacarmaq olur!

Dərdi, sıxıntını, həsrəti təklikdə çəkirsən.

Xoşbəxtliyi isə tək yaşamaq olmur!

Enmək həm də batmaq, boğulmaqdır. Əl uzadan olmasa, elə orada da qalasısan. Orada - dərinlərdə!..

Amma yenidən qalxmaq üçün enmək ən gözəlidir.

Enmək və yazmaq!

Sonadək yazmaq!

Yenidən uçanadək!..

Bütün xəbərlər Facebook səhifəmizdə