Nazir müavini Türkmənistan nümayəndə heyəti ilə görüşüb - Müzakirə

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Türkmənistan nümayəndə heyəti arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İsanquliyev Mekan, Türkmən Milli Xalça Muzeyinin direktoru Maya Aşirova, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova və digər qonaqlar iştirak edib.

Görüş zamanı nazir müavini Sevda Məmmədəliyeva Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkələr arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində aparılan işləri vurğulayıb. Həmçinin, görüşdə bu gün əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının Azərbaycan Xalça Muzeyində sərgisinin keçirilməsinin əhəmiyyətindən danışılıb. Həmçinin, gələcəkdə ölkələr arası mədəniyyət sahəsinin bütün istiqamətlərində, o cümlədən muzeylərarası əlaqələrin genişləndirilməsi, eyni türk soyu olan iki xalqın mədəniyyəti, ilgili əlaqələri dünya ictimaiyyətinə nümayiş olunması və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına birgə mədəni dəyərlərin daxil edilməsi məqsədilə layihələr üzərində müvafiq işlərin aparılmasının vacibliyi qeyd edilib. Eyni zamanda,TÜRKSOY təşkilatı ilə müştərək sərgi layihələrinin təqdimatı üçün əməkdaşlığın inkişaf etdirilməsi kimi əhəmiyyətli məsələlər müzakirə edilib.Gələcək əməkdaşlığa dair aşağıda qeyd olunan məsələlər ətrafında müzakirələr aparılıb.

  • May ayında Türkmənistanın Aşqabad şəhərində keçiriləcək Türkmən xalçasına həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakı;
  • Yaz aylarında Türkmənistan Kukla Teatrının Bakı şəhərinə qastrol səfəri;
  • Azərbaycan Xalça Muzeyinin Rusiyanın Moskva şəhərində böyük uğurla təqdim etdiyi “Yeddi Gözəl” adlı layihəsinin Aşqabad şəhərində nümayişi;
  • Atçılıqla bağlı birgə layihənin hazırlanması;
  • Yaz və yay aylarında Gəncə şəhərində dahi Türkmən şairi Maxtumkulinin həyatı və yaradıcılığına həsr olunacaq konfransın təşkili.

Səfir İsanquliyev Mekan və muzeyin direktoru Maya Aşirova Türkmən nümayəndə heyətinin Azərbaycanda yüksək səviyyədə qəbulu, sərginin təşkili ilə bağlı lazımi şəraitin yaradılması və hazırlıq işlərinin həyata keçirilməsinə görə Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə