Görkəmli fırça ustasının yubiley sərgisi davam edir FOTOLAR

Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi davam edir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi ilə tanış olmaq üçün hər gün sənətsevərlər bu məkana üz tutur, yüksək sənətkarlığı ilə seçilən əsərlərdən zövq alır və zəngin təəssüratla ayrılırlar.

SİA-nın məlumatına görə, Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova sərgidən yüksək zövq aldığını, burada mənəvi rahatlıq tapdığını deyib: “Tahir Salahov dünyaca tanınmış rəssamdır. Biz onun bir sıra əsərlərini görmüşük. Amma bu il onun yubileyi ərəfəsində ilk dəfə olaraq belə bir geniş sərginin şahidi oluruq. Doğurdan da, hər şey möhtəşəmdir. Gözəl əsərlər, düzgün qurulmuş işıq sistemi sərgilənən nümunələri daha baxımlı edir”.

Ş.Heydərova bildirib ki, bu sərgini maraqlı edən daha bir cəhət tablolar və onların xalça üzərinə köçürülməsidir. Bunlarla yanaşı, xalqımızın dahi şəxsiyyətləri, görkəmli bəstəkarlarının portretləri sərgidə xüsusi yer tutur: “Əvvəllər də Bakıda Tahir Salahovun sərgiləri təşkil olunub. Mən onun əsərlərinə həmişə valeh oluram. Həmin əsərlərin xalça üzərinə köçürən xalçaçı rəssamlara da öz minnətdarlığımı bildirirəm. Onlar da bu əsərlərə böyük sevgi ilə yanaşaraq orijinalından fərqlənməyən gözəl işlər ərsəyə gətiriblər”.

Bakı şəhər sakini İlqar Ələsgərov ilk dəfədir ki, ölkəmizdə belə böyük rəsm sərgisinin şahidi olduğunu vurğulayıb: “Sərgi haqqında eşidəndə bura gəlməyi qərara aldım. Özüm də rəsm sənətinə böyük həvəs göstərirəm. Burada nümayiş olunan əsərlər dünyaca məşhurdur. Ona görə də belə bir sərgini izləmək şansını əldən verə bilməzdim. Təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı İnara Əliyeva sərgidən böyük zövq aldığını bildirib: “Bizim məşhur rəssamımız Tahir Salahovun yaratdığı hər bir rəsm özlüyündə çox möhtəşəmdir. Bu sərgidə də böyük sənətkarın özünəməxsus sərt üslubunun geniş şahidi oluruq. Hər bir əsərə tamaşa etməkdən böyük zövq alıram. Tahir Salahovun Azərbaycanın dahi şəxsiyyətlərinə həsr etdiyi çoxsaylı portretləri var. Bu sərgini mənim üçün daha da maraqlı edən həmin əsərləri burada nümayiş olunmasıdır”.

***

Qeyd edək ki, sərginin dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyasında rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən nümunələr yer alıb. Burada Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş rəngkarlıq əsərləri, bu əsərlər əsasında toxunmuş xalçalar, eləcə də rəssamın ömür və yoluna işıq tutan fotoşəkillər nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə