“Gözəl yurdum Azərbaycan” konsert

Xəzər Universitetində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin “Gözəl yurdum Azərbaycan” adlı konserti olub. Universitetdən SİA bildirilib ki, konsert Cümhuriyyətin 100, ümummilli liderimiz Heydər Əliyevin 95 illiyinə həsr edilib.

Konsert proqramından öncə Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova Azərbaycan musiqi dünyasının zənginliklərindən söhbət açaraq mahnılarımızın istər ölkə səviyyəsində, istərsə də ölkəmizdən kənarlarda sevilə-sevilə dinlənildiyini vurğulayıb.

Sonra konsert proqramı təqdim edilib.

“İlahə” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, pedaqoq, tarzən Elməddin Rəsulovun özünəməxsus çıxışı konsert proqramına xüsusi rəng qatıb. Konsertin maraqlı məqamlarından biri də royalda Aytən İbrahimova, tarzən Elməddin Rəsulov və nağarada Hüseyn Məlikovun müşayiəti ilə trio şəklində səsləndirilən “Azərbaycan” xalq rəqsi olub.

Tədbir çərçivəsində vətənimizi tərənnüm edən maraqlı videoçarxlar nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə