“Beynəlxalq Sülh Günü” qeyd olunub FOTOLAR

Hər il ölkəmizdə “Beynəlxalq Sülh Günü” münasibətilə ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və kütləvi maarifləndirmə tədbirləri təşkil olunur. SİA-nın məlumatına görə, bu məqsədlə Azərbaycan Xalça Muzeyinin və YAP Səbail rayon şöbəsinin birgə təşəbbüsü ilə konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd “21 sentyabr – Beynəlxalq Sülh günü” barədə gənc nəslin maarifləndirilməsindən ibarət idi.

Tədbirdə YAP Səbail rayon Şöbəsi Aparatının rəhbəri Zəfər Bayramov BMT tərəfindən “21 sentyabr – Beynəlxalq Sülh günü”nün təsis edilməsi barədə məlumat verib və bu günün əhəmiyyətindən danışıb.

Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək, “Sülh aylığı” çərçivəsində milli mədəniyyətimizin dünyada sülhə töhfəsindən söz açıb. Ə.Nuriyev istər ölkəmiz, istərsə də dünya ölkələri və xalqları üçün sülhün olduqca əhəmiyyətli olduğunu qeyd edib. Çıxış zamanı müxtəlif ölkələrin ictimai-siyasi xadimlərinin portretləri əks olunmuş xalçaların foto təsvirləri nümayiş etdirilib.

Konfransın sonunda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin foyesində Uşaq Muzeyi şöbəsinin təşkil etdiyi “Dünyaya sülh” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosu Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun ifası təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Xalça Muzeyinin qarşısında sülhün simvolu olan ağ göyərçinlər və rəngli şarlar uşaqlar tərəfindən səmaya uçurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə