“Dəb ikonası” adlı üçgünlük seminar başlanıb FOTOLAR

Heydər Əliyev Mərkəzində Rusiyanın dəb mütəxəssisi, tanınmış jurnalist, tərcüməçi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı üçgünlük seminar başlanıb. SİA-nın məlumatına görə, seminarın birinci günündə iştirakçılar “Yüksək dəb ikonaları” mövzusunda mühazirəni dinləyiblər. Natalya Tolkunova dəb ikonası olmağın özünəməxsus cəhətlərini diqqətə çatdırıb. Onun sözlərinə görə, dəb ikonası olmaq üçün insan məşhur, tanınmış olmalıdır. Bəlkə də kimsə, həqiqətən gözəl geyinir, lakin məşhur deyilsə, bu barədə dünya deyil, yalnız onun ətrafındakı adamlar məlumatlı olacaq. Əlbəttə ki, həmin insanın zövqünün də olması əsas şərtlərdən biridir.

Mühazirədə, həmçinin dəb ikonası olmağın səbəbləri göstərilib. VIII Edvard və Uollis Simpson, Deyzi Fellouz və başqalarının moda aləminə diktələri diqqətə çatdırılıb.

Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat verilib. XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər.

Seminar hazırda Mərkəzdə nümayiş olunan “Modernizm və moda” sərgisi çərçivəsində təşkil edilir. 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb. İştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə ediblər.

Natalya Tolkunova Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün “Moda jurnallarının tarixi”, “Kino və moda”, “Dəb ikonaları” mövzularında mühazirələr oxuyur. O, “Doroqoy” və “Sur la Terre” jurnallarında redaktor vəzifəsində çalışıb. “Əllinci illər: kuturyelərin sonuncu istehkamı” adlı kitabın müəllifidir.

Natalya Tolkunova jurnalistlərlə seminarın ilk günü barədə təəssüratını da bölüşüb. Qeyd edib ki, şübhəsiz, üç gün ərzində bütün dəb ikonalarından danışmaq mümkün deyil. Lakin mühazirələrdə həm də moda aləmində əvvəlki dövrlərin mühüm trendlərindən bu gün modelyerlərdən bacarıqla istifadə edilməsi nəzərə çatdırılır. İnsanlar hər onillikdən müəyyən moda trendlərini götürə bilər. Çünki hazırda absolyut moda diktəsi yoxdur. Yəni, bu gün daha çox hər kəs özünə yaxın olanı seçir. Yaxud hansısa ildə 60-cı illərin və ya digər onilliklərin müəyyən trendləri güclənir. Hətta 90-cı illərin trendlərinə də müraciət olunur. “Həmişə keçmişin modasında özünüzə yaxın olan nəyisə tapmaq və ondan müasir kontekstdə istifadə etmək mümkündür”, - deyə N.Tolkunova bildirib.

Rusiyanın dəb mütəxəssisi Azərbaycanda mühazirəni dinləməyə gəlməsini publikanın mövzuya maraq göstərməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, burada insanlar modaya yaxşı münasibət bəsləyir. Əlbəttə ki, hər publikanın, o cümlədən mühazirə dinləməyə gələnlərin, yaxud bazarda olan insanların yerə, şəraitə uyğun geyimi var.

Qeyd edək ki, növbəti mühazirələr bu gün və sabah olacaq. Bu gün təşkil ediləcək seminar “Kino və moda: kino ulduzlarının geyim tərzi” mövzusuna həsr olunub. Mühazirə çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq.

Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəçisi, yayıcısı olub. Ona görə də kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.

Martın 14-də təqdim olunacaq sonuncu mühazirə “Müasir dəbdə 1960-cı illərin ənənəsi”nə həsr edilib. Mühazirədə 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri və müasir modelyerlərin istifadə etdikləri keçmiş üslublar haqda məlumat veriləcək.

1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran və gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm və incəlik var idi.

“Dəb ikonası” seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır. Seminarda iştirak ödənişlidir. Bir mühazirə biletinin qiyməti 15 AZN, ümumilikdə üç gün üçün bilet isə 30 AZN-dir.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud Mərkəzin saytından (www.heydaraliyevcenter.az) onlayn əldə etmək olar.

Seminar iştirakçılarına sertifikatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...