Ermənidən “qəhrəman” yaratmaq mifi..

Dünən axşam Ermənistanda əntiqə bir mitinq olub. Bütün dərdlilər ürəklərini, ürəklərində olan dərdlərini boşaldıblar. Nikol Paşinyan orada olmayıb deyə, onun da ünvanına xeyli döşəyiblər. Neynəyəsən, zamanə belə tələb edir. “Yıxılana balta çalan da çox olar”. Kimi onu siyasət adamı olmamaqda, kimi “türkün agenti” olmaqda, kimi də fərarilikdə ittiham edib. Demə, Nikol, bizim o Makedon demişkən, “dezertir”in biriymiş. Sən demə, o heç əlinə silah belə almayıb, yəni bu dəfə ruslar demış - “polnıy “dezertir”.

Bilirsiniz bunları Nikola kim irad tutub? Ermənilərin adam cildindən çıxmış bir polkovniki var ey, Yuri Xaçaturov, bu sözləri Nikolun arxasınca o deyib. Nə var ki, Paşinyan hakimiyyətə gələn kimi tutub onu basmışdı dama. O da acıq çıxmağa məqam gəzirmiş. Elə ermənilərin təşkil etdiyi bu mitinq də onun əlinə məqam verib. Deyirəm, siz də xatırlayın, ruslar o vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlı bir qurum yaradıblar. Bu quruma üzv olan ölkələrin hərbçiləri növbə ilə onun hərbi sahəsinə, rusların öz sözləri ilə desək, “dnevalnı”, yəni növbətçi dururdular. Bu Xaçaturova ermənilərin vaxtı çatmışdı deyə, onu bu qurumda “dnevalnı” qoymuşdular. Amma Nikol neylədi, rusların ona “xox” gəlməsinə baxmayaraq, özünü “dostoynı” apardı. Rusların “dnevalnı” qoyduğu bir adamı tutub basdı icəri. Nə isə, uzun söhbətdi...

Kecək mətləbə. Deməli, bu Xaçaturov dünənki mitinqdə erməni ordusunun bu gün fərarilər tərəfindən idarə edildiyini bildirib. Təbii ki, erməni fikridir deyə bizim üçün etiraz etmək yaxşı olmaz. Amma burada, bilirsiniz, mənə çatmayan nədir? Onun “bu gün” deməsi. Əslində, Xaçaturovun bu sözlərinin təzə müdafiə naziri Vaqarşak Aryutunyan tərəfindən necə qarşılanacağı mənim üçün elə də bir önəm kəsb etməsə də, məni düşündürən başqa şeydir.

Maraqlıdır, bu dərisinə sığmayan Xaçaturov, doğrudanmı, Azərbaycan Ordusu tərəfindən zəlil gününə salınan dünənki erməni ordusunu bu günkündən “güclü sayır”. Əgər bu gün, doğrudan da, erməni ordusu belə zəifdirsə, axı dünən Azərbaycan əsgərinin qorxusundan girməyə dəlik axtaran “məğlubedilməz erməni ordusunun” başında duranlardan biri də Xaçaturov olmuşdu axı?

İndi Xaçaturova deyən gərək, əgər, sənin rəhbərlərindən biri olduğun əvvəlki erməni ordusu belə idisə, vay onda indiki, yəni Vaqarşakın yaradacağı erməni ordusunun halına.

Burada onu da deyim ki, Xaçaturovun fərari ayamasını təkcə Nikol Paşinyana şamil etməsi də mənə çatmır. Axı, müharibə gedən 44 gün ərzində təkcə siravi əsgərlar arasında deyil, elə erməni zabitləri arasında fərarilik total bir şəkil almışdı. Ermənistana qaçmaq imkanı olmayan bir çox erməni əsgərinin İrana qaçmasına nə deyirsən, ay Xaçaturov? Bundan əlavə, onlar İrana qaçmaqla artıq ölümdən qaçdıqlarını düşünürdülər. Bəlkə də, elə doğru düşünürdülər. Çünki onlar Ermənistana qayıdacaqları təqdirdə hansı aqibətlə üzləşəcəklərini yaxşı anlayırdılar.

Bir də Xaçaturovun yadına bir necə gün bundan əvvəl Ermənistandakı hərbi hissələrinin birindən qacan əsgərləri salmaq istəyirəm. Belə ki, hərbi hissə rəhbərliyi qaçan əsgərlərin valideynlərinə üz tutaraq onlara övladlarının xidmətə qaytarılması üçün kömək diləyirdilər. Təbii ki, Xaçaturova erməni fərariliyi ilə bağlı xeyli nümunə saymaq olar. Amma nə xeyri?

Bütün bunlara rəğmən, indi erməni Xaçaturovun cıxıb tribunadan erməni “qəhrəman”lığı ilə bağlı uydurmalar üyütməsi ilə deyil axı. Bütün faktlar göz önündədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...