...Düz bir il əvvəl, 2022-ci il sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynada cəbhədəki uğursuzluqlar fonunda ölkədə qismən səfərbərlik elan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, könüllüləri nəzərə almasaq, 300 minə yaxın rusiyalı orduya çağırılıb.
Qeyd edək ki, qanuni olaraq səfərbərlik hələ başa çatmayıb, onun üçün hərbi xidmətə çağırış yalnız səlahiyyətli orqanların qərarı ilə dayandırılıb.
Onu da qeyd edək ki, bir il əvvəl səfərbər olunanlar, Rusiya hakimiyyətinin nümayəndələrinin dəfələrlə bəyan etdiyi kimi, xüsusi hərbi əməliyyat başa çatana qədər tərxis olunmayacaqlar. Onların yalnız altı ayda bir dəfə evlərinə getmək hüququ var.
Yeri gəlmişkən, səfərbərliyə alınanlar arasında ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat yoxdur, amma söhbət minlərlə insandan getdiyi göz qabağındadır. Münaqişələrin Kəşfiyyat Qrupu və “Mühüm Hekayələr” açıq mənbələrdən məlum olan, səfərbər edilmiş ölən əsgərlərin siyahısını tərtib edib və təhlil edib. Siyahıda üç minə yaxın adam var.
Müstəntiqlər qeyd edirlər ki, bu siyahıda ölüm tarixi məlum olan hər beşinci şəxs çağırış vərəqəsini aldıqdan sonra iki ay belə yaşamamışdır.
Ölənlər arasında səfərbər olan 19 və 62 yaşlılar var, lakin ılənlərin əksəriyyəti 30-34 yaş arasında olanlardır. İstintaqın məlumatına görə, çağırışçıların ailələri üçün ən çox dəfn mərasimləri Sverdlovsk vilayətinə düşür, hərbi yaşda olan kişi əhali baxımından ən çox ölüm halları Çukotka və Buryatiyada baş verir.
Bu arada “Mediazona” səfərbərliyin 1 illiyi ilə bağlı xidmətdən yayınma və ya fərarilik maddələri ilə başlanmış cinayət işlərinin statistikasını ümumiləşdirib.
Nəşr qeyd edir ki, hərbi komissarlığa çağırış vərəqəsinə gəlməməyə görə bir dənə də olsun cinayət işi açılmayıb. Bununla belə, müvafiq müddəa hələ də Cinayət Məcəlləsinə daxil edilməyib, orada yalnız hərbi xidmətə çağırışdan yayınma maddəsi var.
Yeri gəlmişkən buna baxmayaraq, il ərzində məhkəmələrə səfərbərlik dövründə bölmələrin icazəsiz buraxılması ilə bağlı 3049 iş daxil olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə