Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri özündə əks etdirdiyi mədəni nümunələrlə orta əsrləri tərənnüm edir. Şuşa, Qarabağ xanlığının paytaxtına çevrildikdən sonra şəhərə zadəgan məmur ailələri köçürüldü. Şəhər əvvəlcə Pənahabad adlanırdı. Sonralar Qala, sonra Şuşa Qalası, ən sonda isə, sadəcə, Şuşa adlandırıldı. Strateji cəhətdən əlverişli yerdə yerləşən, iqtisadi cəhətdən mühüm karvan ticarəti marşrutlarını nəzarətdə saxlayan Şuşada qısa müddətdə yaşayış və sənətkarlıq məhəllələri də tikildi.
Hər məhəlləyə spesifik yaşayış tərzi
Şuşada həvəslə məskunlaşan sənətkarlar şəhərin şərq məhəlləsinin strukturunda on yeddi kiçik məhəllə saldılar. Onların hamısının yerləşdiyi məhəllələrin xüsusi adı vardı, bu adlar sakinlərin peşəkar məşğuliyyəti və hətta köçkünlərin gəldiyi kəndlərin adları ilə müəyyən edilirdi. Culfalar, Çöl Qala, Çuxur, Dəmirçilər, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Hamamqabağı, Xoca Mərcanlı, Köçərli, Qazançalı məhəlləsi, Qurdlar, Quyuluq, Mamayı, Mərdinli, Saatlı, Seyidli, Təbrizli və Təzə məhəllə adlı 19 məhəlləsi olan Şuşada hər məhəllənin adına uyğun məskunlaşma var idi.
Böyük şair Molla Pənah Vaqifin əsasını qoyduğu belə “məhlə”lərdən biri də onunla birlikdə Saatlı nəslindən olan ailələr köçdükləri üçün “Saatlı” adlanırdı. Bu məhəllədə məskunlaşan gənc Vaqif elə məhələdəcə uşaqlar üçün məktəb açıb, burada özü dərs deyirdi.
Keçmişdə Şuşanın tranzit və olduqca aktiv karvan yolu üzərində, əlverişli yerdə yerləşməsi şəhəri tez bir zamanda əsas canlı ticarət mərkəzinə və əhəmiyyətli ixracyönümlü sənətkarlıq sənayesi şəhərinə çevirdi. Şəhərin böyüməsi ictimai binaların, qapalı bazarların, karvansarayların, məscidlərin, hamamların, o cümlədən çoxsaylı və özünəməxsus memarlıq yaşayış binalarının intensiv tikintisi ilə müşayiət olundu, bunların əksəriyyəti bəy və ticarət elitasının nümayəndələrinə məxsus idi.
SSRİ Şuşanı “Azərbaycanın Kislovodsku” deyə tanıdırdı
Sovet dövründə müstəsna havasına görə Şuşa ümumittifaq əhəmiyyətli əsas kurort və turizm mərkəzlərindən birinə çevrildi. Buna mülayim iqlimi və qiymətli suyu olan İsa bulağının da təsiri oldu. müalicəvi mineral bulaqları kömək etdi.
Şuşaya bronxial astma, xroniki bronxit, maddələr mübadiləsi, sinir sisteminin pozğunluğu olan xəstələr müalicə üçün gəlirdilər. Şəhərin inkişafı planlarına çoxsaylı istirahət evlərinin, tibb müəssisələrinin, sanatoriyaların, pansionatların, turizm mərkəzlərinin tikintisi daxildir.
Həm mövcud turizm komplekslərinin genişləndirilməsi, həm də yeni turizm komplekslərinin yaradılması, o cümlədən dağ-xizək idmanı üçün Şuşa yaxınlığında kütləvi turizmin inkişafı üçün böyük imkanlar var. Bu proqramın uğurla həyata keçirilməsinə Xankəndinə çəkilən dəmir yolu kömək edəcək.
Sovet illərində alimlər Şuşa iqliminin müalicəvi keyfiyyətlərinin: havanın, suyun, dərman bitkilərinin öyrənilməsinə çox vaxt sərf edirdilər. Sübut olundu ki, Şuşa demək olar ki, ideal dağ iqlimi və müalicəvi kurortdur. “Dərviş Parisi partladır” filmində Qarabağa səfər edən Müsyö Jordan obrazı ilə Qarabağın müalicəvi otları barədə az da olsa məlumat verilir.
Mingəçevir SES layihəsinin müəlliflərindən biri, klimatoloq İvan Fiqurovski (1869-1940) Şuşanı Qafqazın digər kurortları ilə müqayisə edib: “Şuşa günəş işığına, günün uzunluğuna və istiliyinə görə Kislovodsk və Abastumani kimi kurortlara bərabərdir. Şuşa mülayim dağlıq iqlimin hökm sürdüyü yerdə yerləşir. Qarabağ dağları soyuq küləklərin qarşısını alır və bu, Şuşadan qışlaq kimi istifadə etməyə imkan verir”.
Şuşa gəlirli sanatoriya-kurort şəhəri olacaq
Aparılan tədqiqatlar Şuşanin kurort infrastrukturunun inkişafına səbəb olub. 1932-ci ildə burada Azərbaycan Həmkarlar İttifaqları Sovetinin 1 saylı İstirahət Evi tikilib, burada ildə 4 minə qədər insan istirahət edirdi. Xan sarayının yerində və şairə Xurşudbanu Natəvanın evində Respublika Uşaq Vərəm Sanatoriyası yaradıldı, çünki Şuşanın havası yuxarı tənəffüs yollarının müalicəsi üçün əvəzsiz müalicəvi dəyərə bərabər tutulurdu.
Sonralar nisbətən böyük və imkanları geniş “Şuşa” sanatoriyası tikildi. Səkkiz yataq otağı və bir tibb binası, rəqs meydançaları, açıq və qapalı konsert salonları, idman və oyun meydançaları olan sanatoriya SSRİ və dost ölkələrin vətəndaşları üçün arzu olunan istirahət yerinə çevrildi. İstirahət və əyləncə üçün müasir şəraitlə yanaşı, sanatoriyanın ərazisində memarlıq abidələri, o cümlədən şəhərin qala divarının bir hissəsi də var idi.
Şuşaya gələn turistlər Turşsu, Dəmirsu, Cırlan mineral suları ilə müalicə olunublar. Uzunmüddətli tibbi araşdırmalar təsdiqlədi ki, bu kalium-karbonatlı sular mədə-bağırsaq və revmatik xəstəliklərin müalicəsi üçün əla vasitədir və orqanizmdə sümük iliyinin bərpası qabiliyyətini artırır. Şuşanın səhiyyə ocaqlarında hər il 25 minə qədər insan müalicə olunurdu.
Ermənilərin şəhəri işğal etməsi ilə kurort faktiki olaraq fəaliyyətini dayandırdı. Vandallar Şuşadakı sanatoriyaları və düşərgələri qarət etdilər və apara bilmədiklərini sadəcə məhv etdilər. 2-ci Qarabağ müharibəsində şəhərdə qurulan istehkamlar, gedən qızğın döyüşlər də ciddi infrastruktur zədələri yaratdı.
Mədəniyyət paytaxtının xidmət potensialı
Xatırladaq ki, bu ilin may ayında Şuşa mehmanxana-konqres mərkəzi kompleksinin açılışı oldu, açılışda prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Otelin açıldığı yerdə erməni vandalları qondarma respublikanın parlament binasını tikməyi planlayırdılar.
2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan Şuşa otel-konqres mərkəzi kompleksi şəhərin mərkəzində - Qələbə yolunun yanında yerləşir. 2022-ci ildə Şuşa şəhəri ili çərçivəsində karvansaray konsepsiyası əsasında layihənin icrasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb olunub. Həm klassik, həm də postmodern memarlıq üslubunda dizayn edilmiş bina mürəkkəb quruluşa malikdir.
Binanın interyer dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin və tarixinin müxtəlifliyini və zənginliyini əks etdirir. Şuşa mehmanxana-konqres mərkəzi kompleksinin xarici tərtibatında ornamental kompozisiyalardan və milli memarlıq elementlərindən istifadə olunub. Fasad üzlüklərində Şuşada tarixi binaların tikintisində istifadə olunan yerli daşdan istifadə edilib. Binanın fasadının relyef dekorasiyası və vestibülün girişinin üzlənməsi təbii Şuşa daşından işlənib. Unikal memarlıq dizaynı ilə diqqət çəkən dördmərtəbəli binada 154 otaq, konfrans və banket zalı, restoran, hovuz, spa, fitnes zalı və digər xidmət sahələri var.
Dövlət Turizm Agentliyi bildirir ki, Şuşada yeni mehmanxanaların istifadəyə verilməsi ilə turist axını gözlənilir. Hazırda Şuşa Qarabağda turist qəbul edə bilən yeganə yerdir. Şuşaya avtobus turları əsasən sosial xarakter daşıyır. Şuşada mədəni irs obyektlərinin genişmiqyaslı bərpası şəhərdə turizmin mədəni yönümlü olmasından xəbər verir. Bundan əlavə, şəhərdə müxtəlif festivalların keçirilməsi ənənə halını alır. Bütün bunların fonunda əminliklə deyə bilərik ki, tezliklə Şuşaya həm uzaq, həm də yaxın xaricdən çoxlu sayda turist gələcək.
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB