“Xəzər Lənkəran” “Qarabağ”la 24-cü duelə hazırlaşır

Unibank Premyer Liqasının final mərhələsinin son turunda "Qarabağ"ı qəbul edəcək "Xəzər Lənkəran" tarixində 24-cü dəfə bu rəqiblə üz-üzə gələcək. Siasport.az saytının məlumatına görə, indiyədək 21 dəfə Azərbaycan çempionatı, 2 dəfə ölkə kubokuna təsadüf edən görüşlərdə ümumi balans hələlik Ağdam təmsilçisinin xeyrinədir. Tarazlıq yaratmaq üçün ev matçına çıxacaq "Xəzər Lənkəran" top fərqində əldə etdiyi üstünlüyü qələbə sayında bərabərliklə mütənasib etməyə çalışacaq.

Məlumat üçün bildirək ki, komandaların çempionatdakı 21 oyununda Lənkəran təmsilçisi 8, "Qarabağ" 9 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında cənublular 23 Ağdam klubu isə 20 qol sevinci yaşayıb. Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də səfər qolu sayəsində mərhələ adlayan məhz "Xəzər Lənkəran" olub. Bir sözlə, rəqibi 10, özü 9 dəfə qalib gələn "Xəzər Lənkəran" bərabərlik əldə etməyə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə