Həcc ziyarətinə BU İNSANLAR GEDƏ BİLMƏZ? - DİQQƏT - DİN XADİMLƏRİ DANIŞDI

Həcc İslam dininin sütunlarından biridir. Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Bəs, gəlin görək həccə kimlər gedə bilər? Bunun üçün hansı qaydalar var? SİA mövzu ilə bağlı sorğu edərək din xadimlərinin fikirlərini öyrənib.

Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev:

Həcc ziyarətinin əhəmiyyəti nədir?

Məlumdur ki, İslamda ziyarət, xüsusilə də həcc ziyarəti kütləvi və birgə icra edilən ibadət formasıdır. Bu ibadətə dünyanın hər yerindən gələn müsəlmanlar əməl edirlər. Əgər orta əsrlər dövründə həcc ayininə yalnız Yaxın Şərq regionunda yaşayan xalqlar əməl edirdilərsə, müasir dövrdə isə bu ayinə dünyanın hər yerindən gələn müsəlmanlar əməl edirlər. Artıq müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar olaraq altı qitənin hər bir yerindən dəst-dəstə müsəlmanlar həcc vaxtı müqəddəs Məkkə torpağına toplaşırlar. Deməli, dünyanın hər yerindən insanların bir araya toplanması onların arasında müyyən münasibətlər yaradır ki, bu da təbii ki, müsəlmanların mədəniyyətinin yayılmasına, təbliğ olunmasına və dünyaya inteqrasiya edilməsinə şərait yaradır. Həmçinin dünyanın hər bir bölgəsindən gəlib təxminən bir ay bir yerdə olmaq eyni zamanda müsəlmanların sosial və siyasi həyatlarına da mühüm təsir göstərir. Müxtəlif təbəqələrdən olan müsəlmanların Məkkədə biraraya toplaşmaları bir-birinə də müəyyən təsirlərinin olduğunu aşkar edir. Belə ki, müxtəlif təbəqələrdən olan insanlar bir-birini həm siyasi cəhətdən, həm mədəni cəhətdən, həm iqtisadi cəhətdən, həm də digər cəhətlərdən zənginləşdirir, məlumatlandırır və problemlərini həll edirlər. Eyni zamanda, müsəlmanlar arasında olan məzhəb və əqidə müxtəlifliyi də dünyanın qlobal problemləri müqabilində birləşib, birlikdə fəaliyyət göstərməsinə zəmin yaradır. Təbii ki, bu da müasir dünyada Kəbə evinin ziyarətinin əhəmiyyətini daha da artırır. Sanki beynəlxalq toplantı xarakterini almış həcc ziyarəti, müasir müsəlmanların bütün həyatlarının müxtəlif sahələrinə öz mühüm təsirini göstərməklə əhəmiyyətini artırmaqdadır.

Kəbə evinin ziyarət edilməsinin mühüm və bəlkə də ilkin əhəmiyyətlərindən biri də bəndəçilik şüurunu inkişaf etdirməkdir.

Kəbənin ziyarət edilməsinin sosial əhəmiyyətlərindən biri budur ki, ehram paltarlarını geyinən insan bütün daxilində olan təkəbbürü və təbəqələşmə psixologiyasını unudur və yalnız hamı ilə birlikdə geydiyi bir tikə bez vasitəsilə özünü onlarla eyniləşdirir.

Ehramda olan şəxs hansı sosial təbəqədən asılı olmayaraq Allahın qarşısında şahla, kölə ilə bərabər olur. Bir neçə günlük olsa da sosial münasibətlə bərabərləşir, hacılar özlərini eyni səviyyəli varlıq kimi xatırlayırlar.

Həccə gedən şəxs nələrə əməl etməlidir?

Həzrət Peyğəmbərdən nəql olunmuş bəzi hədislərə görə həcc ziyarətindən qayıdan adamın bütün günahları bağışlanmış olur. Belə insanlar anadan doğulmuş günahsız körpə kimi olduqlarından onların üzərinə çox böyük məsuliyyətlər düşür. Həci adını qazanmış şəxslər öz xasiyyət və xarakterlərində mülayimlik nümayiş etdirməli, hər növ haram və günah işlərdən çəkinməli, daha çox sosial və ictimai işlərdə fəallıq göstərməli, dini ayinlərin icrasında çox diqqətli olmalıdırlar.

Həccin vacib olma şərtləri hansıdır?

Müqəddəs İslam şəriətində həccin vacib olma şərtləri vardır. Əgər bu şərtlər istər toplum halda, istərsə də tək halda mövcud olmazsa, həcc şəxsə vacib olmayacaqdır. Həcc aşağıdakı şərtlər əsasında ömürdə bir dəfə insana vacib olur:

- Ağıllı olmaq. Ağıllı omayan, yəni dəli olan şəxsə həcc vacib deyildir. Əgər dəli vəziyyətdə bir şəxs həcci ziyarət etsə, sonradan ağıllanarsa və müstəti olarsa, həcc ona vacib olacaqdır.

- Həddi-buluğa yetmək. Şəriətə görə həccə gedən şəxs gərək əqli baxımdan yetişmiş olsun. Buna görə də onun həddi-buluğa yetişməmiş həcləri, sonradan o, müstəti olsa, onun boynundan götürülmür. Həddi-buluğ olduqdan sonra müstətidirsə, gərək həcci ziyarət edə. İmam Sadiq (ə) buyurub: “Əgər həddi-buluğ olmamış şəxs on dəfə həcci ziyarət etsə, sonradan həddi-buluğ olsa, həcc ona vacibdir”.

- Müstəti olmaq. Həccin vacib olma şərtlərindən biri müstəti olmaqdır. Müstəti bacarıqlı olmaq deməkdir. Bu söz geniş mənaya malikdir. Burada nəzərdə vaxtın geniş olması, maddi və mənəvi imkana malik olmaq, təhlükəsizlikdə olmaq, ailəsinin dolanışcağına malik olmaq və s. mənalar tutulur. Qurani-Kərim buyurur: “Onun yoluna gücü çatan hər bir şəxsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur””.

Din Xadimi Mircəfər Əyyubov: “Həcc ziyarəti Məkkə şəhərində yerləşən Müqəddəs Kəbə evini ziyarət etməyə deyilir və getməyə imkanı çatan hər bir müsəlman ömründə ən azı bir dəfə getməlidir. Bu ziyarətə gedən şəxs bilməlidir ki, Həcc Allah-Təala ilə əhd-peymanı yeniləmək deməkdir.

Hər bir insan dünyaya gəlməzdən öncə Allah-Təala ilə əhd bağlayaraq, ondan başqasına tabe olmayacaölna söz vermişdir. Kəbə evinə ziyarətə gedən şəxs bu sözünün üstündə durduğunu bir daha bildirmək istəyir. Deməli Hacı adlanan şəxs ziyarətdən qayıtdıqdan sonra daha çox bəndəlik etməli, kimsəni aldatmamalı, kimsənin adlanmasına imkan verməməli, bir sözlə Allaha daha yaxşı qulluq etməlidir.

Həccə gedən şəxs bilməlidir ki, Allah taalanın evinə haram pulla getmək olmaz, çünki bu halda həcci qəbul olunmur. Həcc ziyarəti müsəlman ümmətinin vəhdət konfransıdır. Hacı Məkkədə İslam ümmətinin birliyini məşq edir, qayıtdıqdan sonra da bu vəhdətin daha da möhkəm olması üçün səy göstərməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə