Uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan olunur? - EKSPERT AÇIQLADI

“Sosial şəbəkələrdən istifadə qaydalarında yaşla bağlı məlumat var. Yəni konkret olaraq azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yol verilmir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, 18 yaşı tamam olmuş şəxslərin, bəzən də 16 yaşı tamam olan şəxslərin sosial şəbəkələrdən istifadəsi yolveriləndir: “Bu sosial şəbəkələrin öz qaydalarında göstərilib. Ümumi götürəndə əlbəttə ki, artıq elə bir dövrə gəlib çatmışıq ki, azyaşlıların sosial şəbəkələrdən istifadə etməsinin qarşısını almaq fiziki olaraq mümkün deyil. Yəni uşağa yaşın azdır, ora daxil olma və s. bu kimi deyimlərlə onu əngəlləmək mümkün deyil”.

Sosioloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu məsələni kökündən həll etmək üçün dünya ölkələri, o cümlədən Azərbaycan sosial şəbəkələrdən istifadəni şəxsiyyət vəsiqəsi əsasında etməlidirlər: “Yəni hər kəs qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi, fin kod və s. ilə qeydiyyatdan keçməlidir. Belə olduqda yaşı az olduğu üçün sosial şəbəkəyə daxil ola bilməyəcək. Tutaq ki sosial şəbəkədən istifadə minimum 18 yaşdırsa, 15-16 yaşlı uşaq qeydiyyatdan keçə bilməyəcək. Bu bir çıxış yoludur. Amma ümumilikdə götürəndə əlbəttə ki, uşaqları sosial şəbəkələrdən uzaq tutmağın da tərəfdarı deyiləm. Sadəcə olaraq sosial şəbəkələrin uşaqlar üçün uyğunlaşdırılması istiqamətində işlər aparılmalıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə