Ürəkgetmələr zamanı nə etməli?

Bayılma, özündən getmə, ürəkgetmə — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsidir. Lakin bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər.

Bayılma - beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.

Ürəkgetmənin müddəti 10-30 saniyə, nadir hallarda daha çox çəkir. Huş tamamilə itə bilər, və ya cüzi qıcıqlara cavab reaksiyası qalar. Arterial təzyiq sıfıra qədər enir, nəbz zəif və ya hiss olunmur, tənəffüs zəif səthi olur, bəzən hiss olunmur. Bayılmanı epileptik tutmadan fərqləndirmək lazımdır. Epileptik tutmadan sonra xəstədə başağrıları, yuxululuq olur, epileptik tutma çox zaman qıcolmalarla müşayiət olunur, bayılma zamanı isə qıcolma nadir hallarda olur. Huşunu itirmənin səbəblərinə daxildir : – əsasən qadınlarda stress - yorğunluq - uzun müddət ayaqda qalmaq -ani həyəcanlar -təzyiq yüksəkliyi – hamiləlik - qansızlıq - damar sərtliyi - ürək xəstəlikləri -hava çatışmazlığı -qorxu xroniki aclıq.

Bayılmadan bilavasitə qabaq insan zəiflik, başgicəllənmə, ürəkbulanma, qulaqlarında küy hiss edir, onu soyuq, yapışqan tər basır və rəngi avazıyır. Bu zaman xəstənin gözlərinin qarşısında sönüb-yanan qığılcımlar və zolaqlar əmələ gəlir, əlləri və ayaqları keyləşir. Bayıldıqdan sonra, uzanmış vəziyyətdə olan insanın beyninə gələn qan kütləsi artığı üçün o, adətən tez bir zamanda özünə gəlir.

Səbəbləri

Ürək-damar sistemi xəstəliklərində, çoxlu qan itirdikdə, müxtəlif xarici təsirlər (ağrı, qorxu, həyəcan və s.) nəticəsində damarların qeyri-ixtiyari olaraq tonusdan düşməsi. Bayılma zamanı xəstənin rəngi ağarır, bədəni soyuyur, tənəffüsü səthiləşir. Səbəbinə görə bayılmalar bölünürlər: Vazovaqal bayılma 50% hallarda olur. Bu cür ürəkgetmələr adətən normal insanlarda həyəcanlandığı zaman qapalı hava çatışmayan otaqda və ya qorxu zamanı baş verə bilər. Bu zaman arterial təzyiq enir, nəbz seyrəlir, rəng avazıyır, soyuq tər basır, huş itir.

Ortostatik bayılma – Bu cür bayılmanın əsasında damarsıxıcı reflekslərin çatışmazlığı və ya labilliyi durur. Bayılma uzanmış və ya oturmuş vəziyyətdən qəflətən ayaqüstü vəziyyətə keçdikdə və ya uzun müddət ayaq üstə qaldıqda baş verir.

Kardiogen bayılma – Müxtəlif ürək xəstəliklərində, ən çox aritmiyalar zamanı baş verir. Bundan başqa bayılmalar qanitirmə, dil-udlaq sinirinin nevralgiyası qanazlığı beyin-qan dövranı pozğunluğu sinokarotid refleks öskürək və s. nəticəsində əmələ gəlir. Bayılma zamanı xəstə dərhal uzadılmalı ayaqları qaldırılmalıdır. Xəstənin burnuna kəskin iyli bir şey (naşatır spirti, ətir və s.) yaxınlaşdırıb iylədilir. Xəstə ayıldıqdan sonra tünd çay qəhvə və ya şokolad verilir.
Bəzən bayılma hansısa xəstəliyin simptomu məsələn daxili qanaxmanın susuzlamağın ürək ritminin infarkt miokard kimi xəstəliklərdən yaranır. Əgər bayılma zamanı əlinizdə naşatır spirti yoxsa ağrı nöqtələrini məsələn dodağın yuxarı hissəsi ilə burun pərdəsi arasında məsafəni bərk sıxmaq lazımdır. Bayılma ciddi xəstəliyin əlaməti ola bilər. Ona görə də bayılmadan sonra başqa şikayətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır.

İlkin yardım

Bayılma bir neçə saniyədən və ya dəqiqədən sonra adətən, öz-özünə keçib gedir. Uzun müddət davam etdikdə xəstəni başı bir qədər aşağı vəziyyətdə uzandırmaq, yaxasını açmaq, üzünə soyuq su çiləmək, otağın havasını dəyişmək, isti, tünd şirin çay vermək lazımdır.

Bayılma zamanı zərərcəkənə ilk tibbi yardım göstərmək üçün, onu başı bədənindən bir qədər aşağı olmaqla (bu, qan kütləsinin baş beyinə daha çox gəlməsini təmin edir) uzatmaq, onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s.), otağa təmiz hava daxil olmasını təmin etmək (pencərəni, nəfəsliyi açmaq) lazımdır.

Qəfildən baş verə bilən qusma nəticəsində zərərçəkənin boğulmaması üçün, onun başını mütləq yana çevirmək vacibdir. Zərərçəkəni heç bir halda bu vəziyyətdə tək qoymayın!

Zərərçəkəni özünə gətirmək üçün onun üzünə soyuq su çiləmək və ya ona ammonium xlorid (naşatır spirti) və ya 9%-li sirkə məhlulunda isladılmış pambığı ehtiyatla (!), - burnuna 2-3 sm-dən yaxın saxlamamaqla iylətmək, sirkə ilə gicgahlarını sürtmək lazımdır. Zərərçəkən özünə gəldikdən sonra, ona isti şirin çay və ya kofe içizdirmək məsləhət görülür.

Əgər bayılmanın səbəbi istivurma və ya günvurma olubsa, xəstəni sərin bir yerə aparıb yerdə belə uzatmaq lazımdır ki, başı bədənindən bir qədər yuxarıda olsun. Zərərçəkənin başına, qoltuqaltı, qasıq və döş nahiyəsinə buz və ya soyuq kompres qoyun, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırın. Zərərçəkən özünə gəldikdən sonra, ona sərin bir qədər duz qatılmış su verin.

Adətən bayılma onlarla saniyə ərzində davam edir. Əgər zərərçəkən 3 dəqiqə ərzində özünə gəlmirsə, dərhal “təcili yardım” çağırın.

Hipoqlikemik komaya düşənlərə belə yardım edin!

Bayılmanın xüsusi növlərindən biri də hipoqlikemik komadır. Bu əksər hallarda şəkərli diabet olan xəstələrdə qanda şəkərin kəskin şəkildə enməsi zamanı baş verir. Hipoqlikemik komanın səbəbi, şəkərli diabet olan xəstədə insulinin tələb olunandan artıq dozada vurulması və ya uzun müddət ərzində ac qaldıqda qanda şəkərin kəskin şəkildə azalmasıdır. Bu halda zərərçəkənə göstərilən ilk tibbi yardım adi bayılmadan fərqli olur.

Hipoqlikemiyanın ilkin əlamətləri olan kimi xəstəyə təcili şəkildə hər hansı bir şirin qida (qənd parçası, konfet, bir neçə qaşıq mürəbbə, şirin bulka, peçenye, 1 stəkan şirin çay və s.) vermək lazımdır. Əgər zərərçəkən artıq huşunu itiribsə, mütləq “təcili yardım” çağırın. Hadisə yerinə gələn həkim xəstəni bu vəziyyətdən çıxarmaq üçün damar daxilinə qlyukoza məhlulu yeritməli olur.

Əlbətdə ki, ilk növbədə hipoqlikemik komanıın qarşısını hər vasitə ilə almaq lazımdır. Hipoqlikemiyanın profilaktikası üçün şəkərli diabeti olan şəxs müntəzəm şəkildə həkim-endokrinoloqun nəzarəti altında olmalı, qanda şəkərin səviyyəsinə nəzarət etməli, pəhrizə əməl etməli, heç zaman ac qalmamalı, hər zaman yanında bir neçə konfet və ya qənd parçası saxlamalıdır.

Uşağında şəkərli diabeti olan valideyinlər onunla birlikdə hər hansı bir yerə gedərlərsə, özləri ilə bir neçə konfet və ya qənd parçası götürməlidirlər.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə