Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 iyul 2020-ci il tarixdə ölkədə yaranmış su qıtlığı ilə bağlı əlaqədar sahələrin rəhbərləri ilə keçirdiyi operativ müzakirədə ölkə regionlarının su təminatında olan problemlər ilə yanaşı, gələcəkdə həyata keçirilməli işlər də diqqət mərkəzində oldu.
Ölkə rəhbəri mühüm məsələyə həsr olunmuş müşavirədə qeyd edib ki, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur...Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi?
Göründüyü kimi, regionların su təsərrüfatındakı problemlər kənd təsərüffatına və bütövlükdə, iqtisadiyyata da mənfi təsir edir. Müşavirədə qeyd olunduğu kimi, dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biri olduğu üçün bu sahədə struktur və institutsional islahatların aparılması məqsədəuyğundur. Beyin mərkəzi olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi 2012-ci ildə hazırladığı struktur islahatları paketində bu sahədə də struktur islahatların aparılmasını təklif etmişdi. Bütövlükdə, struktur islahatları sistemli və təmərküzləşmiş koordinasiyaya imkan yarada bilər.
Masallı camaatı Azərbaycan Prezidentinin diqqət və qayğısından razılıq edirlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı, əkin sahələrinin mütəmadi suvarılması üçün su bəndlərinin yaradılması ilə əlaqədar verdiyi Sərəncama uyğun olaraq Masallıda da 37 bəndin yaradılması və əsaslı təmiri davam etdirilir. Bu işə 2018-ci ilin noyabr ayından başlanıb və bu günə kimi 30 sututarda — Mahmudavarda 3 ədəd, Tüklədə 2, Kolatanda 2, Qızılavarda 2, Nəzəroba, Məmmədoba, Qarğalıq, Çaxırlı, Xırmandalı,Türkoba, Şatıroba, Hişkədərə, Sığdaş, Bədəlan, Böyük Kolatan, Miyankü, Xanalion, Həsənli və Xırmandalı kəndlərində iş başa çatdırılıb və ya son tamamlama, təmir işləri gedir.
Qalan 7 kənddəki sututarlarda iş hələ işlərə başlanmamışdır.
Əkin sahələrinin vaxtında və səmərəli suvarılması məhsuldarlığın artmasına şərait yaradan amillərdəndir.
Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır.
Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır.
Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılacağını vurğulayan böyük su müəssisəsinin rəhbəri — su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min hektardan çox əkin sahələrinin suvarma suyu ilə təmin ediləcəyini diqqətə çatdırıb.
Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi nəinki Masallının, hətta bütün regionun iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan olacaq.
1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 10 min hektara yaxın əkin sahələri suvarılır.
Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü daha 16 metr qaldırılacaq.
Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini, ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsullarının suvarılmasını təmin edəcək.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə