DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan SİA-ya daxil olan məlumatda deyilir ki, noyabrın 11-də gecə saat 01:00 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Dajban Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə