Türkiyə səfiri ADU-da oldu FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "Diplomat" klubunun təşkilatçılığı ilə "Səfirdən gələcək səfirlərə" layihəsinə start verilib. SİA-nın verdiyi məlumata görə, layihənin ilk qonağı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun olub.

Öncə universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov səfiri ADU-da görməkdən məmnunluğunu bildirib. Türkiyədə son günlərdə baş verən terror hadisələrini pisləyib, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və onu dəstəklədiyini söyləyib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və tələbə təşkilatları haqqında dolğun məlumat verib. ADU-nun ölkədə ən prestijli universitetlərdən biri olduğunu söyləyən professor burada 22 dilin tədris olunduğunu, eyni zamanda 17-ə yaxın dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyi sözlərinə əlavə edib. Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin fəaliyyətindən danışan D.Yunusov fakültənin beynəlxalq əlaqələr üzrə mütəxəssislər hazırladığını söyləyib, bu istiqamətdə adıçəkilən fakültənin tələbələrinin, eləcə də Tələbə Gənclər Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. O, Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün mayın 28-də ADU-da keçirilməsi nəzərdə tutulan YÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən səfir Alper Coşkun növbəti dəfə ADU-da olmaqdan şad olduğunu söyləyib. Azərbaycan və Türkiyə arasında olan əlaqələrin tarixi köklərə söykəndiyini bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə dəstəyini yüksək qiymətləndirərək türk xalqı adından minnətdarlığını qeyd edib. Siyasi, iqtisadi, humanitar, ticarət, enerji və təhsil sahəsində Azərbaycan-Türkiyə arasında mövcud olan əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə 2010-cu ildə ADU və Türkiyənin Hacəttəpə Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi haqqında danışılıb, bu müqavilənin üçtərəfli əlaqələri yaratmaqla ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli münasibətlərin qurulmasında böyük rol oynadığı söylənilib, eyni zamanda bir sıra təkliflər müzakirə olunub.

Sonra ADU-nun tələbələri ilə görüşən səfir bu görüşü yüksək qiymətləndirdi və məmnunluğunu dilə gətirib. Daha sonra o, dürüstlük və diplomatiya, xarici siyasət, Azərbaycan və Türkiyə arasında gələcək əməkdaşlığın perspektivləri, uğurlu səfir olmağın sirləri, səfirdən gələcək səfirlərə tövsiyyələr haqqında tələbələri maraqlandıran sualları cavablandırıb.

Onun sözlərinə görə diplomatiyada ən önəmli məsələ çətin müzakirə zamanı qarşındakı insanın göstərdiyi etimaddır. Səfir Türkiyəni Azərbaycanda təmsil etməyin ən şərəfli iş olduğunu sözlərinə əlavə edib. Bununla yanaşı Azərbaycanın Cənubi Qafqazda tranzit ölkə olduğunu bildirərək Türkiyə üçün bunun böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Alper Coşkun eyni zamanda müxtəlif ölkələrdə diplomatik missiya yerinə yetirən zaman yaddaqalan xatirələrini də tələbələrlə bölüşüb.

Sonda professor D.Yunusov səfirə TGT-nin nəzdində fəaliyyət göstərən "Diplomat" klubu tərəfindən hazırlanan "Tələbələrin dostu" mükafatını təqdim edib.

Səfir sonda "Diplomat" klubunun fəaliyyətini yüksək dəyərləndirdi, belə bir tədbirin ərsəyə gəlməsində göstərdikləri təşəbbüsə görə onlara minnətdarlığını bildirib.

Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...