Anna Bartkulaşvilinin ədəbi-bədii gecəsi keçirilib - FOTOSESSİYA

Muğam teatrında Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun təşəbbüsü və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin və SOCAR Georgia şirkətinin təşkilatçılığı ilə Azərbaycan vətəndaşı, gürcü mənşəli şairə, publisist, tərcüməçi və jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə ədəbi-bədii, musiqili gecə keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri, elm adamları və media nümayədələri, Gürcüstandan və İrakdan qəlmiş böyük nümayəndə heyətləri iştirak edib.


Gecəyə açılışı Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva edib.

Millət vəkili sözə gələn qonaqları salamlamaqla başlayıb: "Bu gün biz bura, Muğam Teatrına çox hörmətli şairə, tərcüməçi, jurnalist və publisist bir xanımın yubiley gecəsinə yığılmışıq. Anna xanımın bu yubileyinə bu gün ən dəyərli insanlar, millət vəkilləri, Gürcüstanın Azərbaycandakı səfiri, ziyalılar, elm xadimləri və sənətçilər toplaşıb. Siz çox xoşbəxt insansınız ki, bu qədər qiymətləndirilirsiz. Siz həm Azərbaycanın, həm də Gürcüstanın ortaq qızı, şairəsi, publisisti , tərcüməçisi və yazarısınız. Bu yöndə gözəl işlərə imza atmısız və hələ də durmadan, yorulmadan bu işləri davam etdirirsiz. Həmçinin Anna xanım Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrin inkişafında gözəl işlər görmüş və öz yaradıcılıq töhvələrini vermişdi. Anna xanım bir şairə, bir publisist olmaqla yanaşı, həm də çox gözəl və təcrübəli bir tərcüməçidir. Həm bizim yazıçı, şair və elm adamlarının əsərlərini gürcü dilinə, həm də gürcü yazıçı,şair və elm adamlarının əsərlərini Azərbaycan dilinə tərcümə edib və bir yaradıcı insan gözü ilə öz süzgəcindən keçirib. Anna xanım, siz həm də bu torpağın, Azərbaycanın, Qarabağımızın ən yaralı problem və dərdlərini yorulmadan iştirak etdiyiniz beynəlxalq tədbirlərdə hər kəsin diqqətinə çatdırmısınız. Bu da çox dəyərli və diqqətəlayiq işlərdi. Mən sizə yaradıcılıq uğurları və xoşbəxtlik diləyirəm. Bir də onu da qeyd etmək istəyirəm ki, inşallah sizin gələn il doğum gününüzü işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində də qeyd edək. Mən bilirəm ki, bu sizin də ən böyük arzularınızdandır".


Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu adından və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin adından Anna xanıma mükafatları təqdim edib. O, bildirib ki, yaxın günlərdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin və SOCAR Georgia şirkətinin dəstəyi ilə Anna xanımın şeirlər, məqalələrinin toplandığı kitab da işıq üzü görəcək və oxuculara təqdim olunacaq.


Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva prezident İlham Əliyevin hər zaman Gürcüstanla münasibətlərin, əməkdaşlığın inkişafına böyük önəm verdiyini və işlər gördüyünü xüsusi vurğulayaraq görülən işlərdən də danışıb. O, bildirib ki, Azərbaycan hər zaman Gürcüstanın ən çətin anlarında bir dost dövlət kimi onun yanında olub.


Millət vəkili Gürcüstanın Azərbaycandakı səfirini səhnəyə dəvət edərkən bir məsələyə də toxunub. O, qeyd edib ki, Gürcüstanın səfiri Teymuraz Şaraşenidze və şairə, publisist Anna xanım hər ikisi həqiqətən də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında, mədəni əlaqələrin genişlənməsində gözəl işlər görürlər.


Millət vəkili Qənirə Paşayeva Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeyə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında verdiyi dəstəyə görə təşəkkür edib və ona təşəkkür plaketini və mükafatı təqdim edib.


Sonra Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze çıxış etdi və Anna xanıma ən xoş, arzu diləklərini çatdırıb : " Anna xanım, həm Gürcüstanın, həm də Azərbaycanın dəyərli qızı, şairəsi, publisisti və tərcüməçisidir. Hər iki millətə öz enerji və yaradıcılığını həsr etdiyi üçün mən öz adımdan təşəkkürlərimi bildirmək istəyirəm. Bu xanım daima yaradıcılıq yolunda inkişaf edib və hər zaman da yazıları ilə hər kəsə nümunə olmağa çalışıb. Qeyd edim ki, Anna xanımın bu fəaliyyəti Gürcüstanda da çox yüksək qiymətləndirirlir." . Səfir preziden İlham Əliyev və Mixail Saakaşvilinin Azərbaycan-gürcüstan arasında dostluğun, əməkdaşlığın daha da genişlənməsi istiqamətində gördüyü böyük işlərdən də danışıb və hər iki dövlətvə xalq arasında dostluğun getdikcə daha da möhkəmlənməsinin sevindirici olduğunu vurğulayıb.


Daha sonra millət vəkili Əsabil Qasımov, Gürcüstandan gələn qonaqlar bir sıra ziyalılar, elm xadimləri, Anna xanımın yaxınları çıxış edib öz ürək sözlərini, təbriklərini çatdırıblar. Gürcüstanlı ziyalılar gürcü kökənli bir ziyaləıya bu qədər diqqət göztərdikləri üçün Azərbaycan dövlətinə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər və vurğulayıblar ki, bu cür addımlar və tədbirlər Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına dəstək olmaqla yanaşı hər iki xalqın biri-birinə daha da dostlaşmasında da böyük rol oynayır.


Çıxışların ardınca səhnədə söz musiqiyə verilib. Anna xanımı təbrik etmək üçün məşhur müğənnilərimiz də təşrif buyurublar. Onlardan əməkdar artist Tünzalə Ağayeva və Manananın da adını çəkmək olar. Hər iki müğənni gecədə öz şah əsərlərini oxuyub bayrama gözəl və əlvan bir rəng qatıblar. Ədəbi-bədii gecədə milli rəqslərimiz də öz orijinallığı il seçilmişdi. Gecənin sonunda Anna xanım öz ifasında həm Gürcü, həm də Azərbaycan dilində olan şeirlərini qonaqlara təqdim edib və oxuduğu şeirler qonaqların böyük marağı ilə qarşılanıb. Tədbirdə Gürcüstanın bir neçə televiziya kanalının nümayəndələri də iştirak edib və Azərbaycanda gürcü kökənli ziyalılara verilən qiymət və göztərilən diqqətdən razı qaldıqlarını bildiriblər və tədbirlərdən reportajlar hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə