KİV-in məişət zorakılığının qarşısının alınmasında rolu müzakirə edilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNESKO-nun Moskva ofisi və UNESKO-nun Azərbaycandakı Milli Komissiyasının birgə təşkilatçılığı ilə "Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədilə cəmiyyətin maarifləndirilməsində KİV-in rolu" mövzusunda treninq-seminar öz işinə başladı. İki gün davam edəcək seminar məişət zorakılığı problemi ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemə bir daha cəlb etmək məqsədi daşıyır.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təəssüflə qeyd etdi ki, hələ də ölkəmizdə gender əsaslı problemlər öz aktuallığını saxlamaqdadır: "Azərbaycan xalqının ənənəvi dəyərlərinə nəzər salsaq görərik ki, qadına nə dərəcədə böyük ehtiram və hörmət var. Ancaq müəyyən obyektiv və subyektiv səbəblərdən xüsusilə məişət müstəvisində qadınlara qarşı zorakılıq faktları var. Komitə tərəfindən məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemə bir daha cəlb etmək üçün müxtəlif səviyyələrdə-beynəlxalq konfranslarda qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində geniş fikir mübadiləsi, debatlar təşkil olunur. İki gün davam edəcək bu seminarın da məqsədi bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətlərində fikir mübadiləsinin aparılmasıdır. Bu məsələyə diqqəti çəkmək üçün KİV-rin rolu xüsusilə önəmlidir. Məişət zorakılığının qarşısının alınmasında medianın apara biləcəyi maarifləndirmə işinin heç bir digər sosial institut apara bilməz. Ona görə də, KİV-i bu məsələyə daha çox yer ayırmalıdırlar".



Qeyd edək ki, seminarda UNESKO-nun Moskva ofisinin rəhbəri cənab Dendev Bafarç, informasiya və əlaqələr üzrə müşaviri xanım Svetlana Knyazeva və UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının məsul katibi Cünay Əfəndiyeva iştirak edir.


Treninq-seminar sabah davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə