“Çat-botların süni anlayışına öyrəşmək real ünsiyyət bacarıqlarını zəiflədə bilər” - PSİXİATR AÇIQLADI
"Deyərdim ki, sadəcə yeniyetmələr yox, bütün yaş qruplarından insanlar üçün bəzən təhlükə yarada bilər. Düzdür, süni intellekt həyatımızı xeyli asanlaşdırır". Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, ancaq çat-botlar real emosional bağ və ya əsl empatik anlayış təqdim edə bilmir: "Yeniyetmə simulyasiya olunmuş "anlayışa" öyrəşdikdə, real insan münasibətlərindəki mürəkkəbliklərdən qaçmağa başlayır.
Problemləri bölüşmək müvəqqəti rahatlıq versə də, gənci real sosial dəstək şəbəkəsindən (ailə, dostlar, məktəb psixoloqu) uzaqlaşdırır və təklik hissini artırır. Bundan başqa, bilirik ki, süni intellekt bəzən hallüsinasiya görə bilir, yəni bilmədiyi bir mövzu olduqda yalan məlumatlarla yenə suala cavab verir. Eyni zamanda, sual verənin bir mövzuda israrı olduqda, doğru olmasa, sual verənlə razılaşır və onun dediklərini təsdiqləyir.
Nəzərə almaq lazımdır ki, süni intellekt peşəkar psixoterapevt və ya psixiatr deyil. Depressiyada olan insanlarda özünəqəsd fikirləri olduqda və ya ağır travmalar zamanı çat-botların verəcəyi yanlış müdaxilə və ya səriştəsiz tövsiyə nəticələri geri dönməz risklər yarada bilər.
Ümumiyyətlə, həddindən çox komfort insanları real problemlərlə üzləşməkdən çəkindirir. Üz-üzə real insan münasibətləri çat-botlarla ünsiyyət qədər sadə deyil, daha mürəkkəb və qarışıqdır. Ancaq eyni zamanda da çox vacibdir, çünki insan sosial bir varlıqdır, yəni sosiallaşmaq bir ehtiyacdır. Çat-botların mütəmadi süni anlayışına öyrəşmiş yeniyetmə həmsöhbətinin necə reaksiya verəcəyini bilməyəcəyi üçün real ünsiyyətdən çəkinə, utana və qorxa bilər.
Xüsusilə sosial fobiyası olan yeniyetmələrdə bu məsələ daha risklidir, çünki sosial fobiyası olan insanlar digərləri tərəfindən tənqid edilmək, lağ edilmək, bəyənilməmək kimi qayğılarla həddindən çox təşviş keçirirlər. Digər insanlar üçün adi olan sosial qarşılaşmalar onlar üçün böyük həyəcan mənbəyi olur.
Ancaq eyni zamanda ünsiyyət qurmaq ehtiyacı da hiss edirlər. Sosial fobiyası olan pasiyentlərin terapiyasında biz onları həyəcana baxmayaraq sosial ünsiyyətə təşviq edirik, həyəcanlarını idarə etməyi və qorxularını aşmağı öyrədirik. Terapiya sürəci komfortlu olmasa da, qorxu və həyəcan aşıldıqca yeniyetmənin özgüvəni qayıdır və potensialını ortaya qoya bilir. Bunun əksinə, çat-botla problemlərini paylaşmaq isə sanki ünsiyyət ehtiyaclarını tamamlayır kimi hiss etdirir. Ancaq əslində olan isə məcburiyyət yaranmadığı üçün ünsiyyət bacarıqları inkişaf etmir, özgüvən artmır, qorxular aşılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB