Harmoniya və münaqişə arasında cəmiyyətin inkişaf yolu

Cəmiyyətin ən əsas dinamizmlərindən biri fərqli düşüncələrin mövcudluğudur. Bu ifadə ilk baxışda sadə görünə bilər, amma sosial elm üçün onun arxasında çox qatlı məna yatır. Cəmiyyət yalnız insanlar toplusu deyil, o, fərqli təcrübələr, dünyagörüşləri və inanclar üzərində qurulmuş kompleks bir sistemdir. Fikir müxtəlifliyi cəmiyyətin qan damarları kimidir. Hər yeni fikir, yeni perspektiv, hər fərqli baxış mövcud quruluşu canlandırır, onu təkrar yox, yenilənmiş formada hərəkətə gətirir. Təsəvvür edin, bütün insanlar eyni fikirdə olsaydı, hər biri yalnız digərinin sözünü təkrarlayardı. Sosial davranışlar təkrara, qərarlar isə rutin və dəyişməz olardı. İnnovasiya, debat və mübahisə olmadan cəmiyyət yalnız statik bir quruluş olaraq qalardı. Bu isə həm texnoloji tərəqqi, həm siyasi inkişaf, həm də mədəni dəyişiklik üçün ölümcül riskdir.

Sosial elm də tarixən göstərib ki, insan toplumu yalnız oxşar fikirlərin təkrarı ilə deyil, fikir toqquşması və mübahisə vasitəsilə inkişaf edir. İngilis filosofu Con Stüart Mill qeyd edirdi ki, hətta yanlış görünən bir fikir belə müzakirədən kənar saxlanmamalıdır, çünki bu fikir ya həqiqətin bir hissəsini daşıyır, ya da həqiqəti daha da aydın göstərməyə kömək edir. Millin bu mövqeyi, əslində, fikir müxtəlifliyinin sosial tərəqqinin mühərriki olduğunu ortaya qoyur.

Digər tərəfdən, sosiologiyada cəmiyyətin necə işlədiyini izah etməyə çalışan iki əsas nəzəri yanaşma var: konsensus və konflikt nəzəriyyəsi. Konsensus yanaşmasına görə, cəmiyyət əsasən harmoniya üzərində qurulub. Yəni insanlar müəyyən ortaq dəyərlər və qaydalar ətrafında birləşirlər və bu birlik onları sabit saxlayır. Talcott Parsons vurğulayırdı ki, cəmiyyətin əsas məqsədi qarışıqlığı azaltmaq, hər kəsi ortaq məqsəd ətrafında birləşdirməkdir. Məsələn, ailə və məktəb kimi institutlar insanların bir-birinə qarşı məsuliyyət hissini artırır və qaydalara riayət etməyə kömək edir.

Amma Ralf Dahrendorf isə bunun tam əksini deyir. Onun fikrincə, cəmiyyət yalnız harmoniya ilə deyil, münaqişə və fikir ayrılığı ilə inkişaf edir. Yəni konflikt, sadəcə problem deyil, həm də yaradıcı güc mənbəyidir. Dahrendorf deyirdi ki, əsl dəyişiklik yalnız insanlar fərqli fikirlər irəli sürdükdə və bu fikir toqquşmaları yaşandıqda mümkün olur.

Bunu real həyatdan bir nümunə ilə izah etmək olar. Məsələn, qadınların iş həyatına qatılması əvvəllər bir çox cəmiyyət üçün problem idi. Bəzi insanlar buna qarşı çıxır, qadınların işləməsini ailə və sosial nizam üçün təhlükə sayırdılar. Amma məhz bu fikir toqquşmaları (tərəfdarlar və əleyhdarların müzakirəsi, mübahisəsi və debatları) nəticədə cəmiyyətin yeni normaları formalaşdırmasına səbəb oldu. Qadınların iş həyatına qatılması artıq “təhlükə” deyil, həm ailəyə, həm də iqtisadiyyata fayda gətirən bir hal kimi qəbul edildi.

Başqa sözlə, Parsonsun konsensus modeli göstərir ki, ortaq dəyərlər cəmiyyəti birləşdirir və sabitlik yaradır. Dahrendorf-un konflikt yanaşması isə göstərir ki, dəyişiklik üçün fikir ayrılığı vacibdir. Hətta münaqişə çətin olsa da, onun sayəsində cəmiyyət özünü yeniləyir, inkişaf edir və daha ədalətli normalar yaradır.

Fikir müxtəlifliyinin əksi kimi qarşımıza çıxan “dəyişməz düşüncə” modeli də sosial elmdə ciddi müzakirə mövzusudur. Bu tip insanla dialoq, zahirdə asan görünsə də, əslində, ən çətin ünsiyyət formasıdır. Çünki burada söhbət artıq informasiya mübadiləsindən çox, hazır mövqelərin təsdiqindən ibarət olur.

Sosial psixologiyada bu vəziyyət “konfirmasiya qərəzi” adlanır. İnsan yalnız öz mövqeyini təsdiqləyən dəlilləri qəbul edir, qalanını rədd edir. Bu hal sosial mediada daha kəskin görünür. “Echo chamber” deyilən fenomen (yəni yalnız oxşar fikirlərin əks-səda kimi təkrarlandığı qapalı mühit) fərdi getdikcə daha radikal və qətiyyətli edir. Azərbaycanda bunun nümunəsini siyasi müzakirələrdə, dini qrupların daxilində və hətta futbol azarkeşliyi kimi sahələrdə də görmək mümkündür. Bir tərəf yalnız öz komandasını “həqiqət” sayır, digəri isə başqa arqumentləri eşitmək belə istəmir.

Durkheimin “kollektiv şüur” anlayışında insanlar müəyyən ortaq dəyərləri qorumaqla cəmiyyətin sabitliyini təmin edirdilər. Amma fərqlilik buradadır ki, sabitliyi qorumaq üçün yaranan kollektiv şüur dəyişməz insan tipində ifrat hal alır və artıq sabitlik deyil, inkişafın qarşısını alan donuqluq yaradır. Yəni sabitlik, bir nöqtədən sonra, dinamikanı boğur.

Bu vəziyyət yalnız şəxsi ünsiyyətdə deyil, bütöv tarixi proseslərdə də görünür. Məsələn, Qalileo kainatın heliosentrik modelini irəli sürdükdə, o dövrün “dəyişməz” mövqeyə sahib kilsə düşüncəsi yeni biliklərin qəbulunu qadağan etdi. Bu inadkarlıq cəmiyyətin elmi inkişafını onillərlə geri saldı. Müasir dövrdə də oxşar halı iqlim dəyişikliyi inkarçıları arasında müşahidə edirik. Bütün elmi sübutlara baxmayaraq, onlar mövqelərini dəyişmir və bu inadkarlıq qlobal tədbirlərin gecikməsinə səbəb olur. Beləliklə, dəyişməz düşüncəli insan tipi sosial harmoniya üçün bəzən rahatlıq gətirsə də, müzakirə və innovasiyanın qarşısını alır. Bu tip ünsiyyət, sosioloji baxımdan, “statik birlik” yaradır. Hər kəs eyni fikirdədir, amma heç kim dəyişmir. Halbuki statik birlik yalnız mövcudu qoruyur, gələcəyi isə açmır.

Digər tərəfdən, tamamilə fərqli düşüncəyə sahib bir insanla ünsiyyət, bəzən narahatlıq doğursa da, əslində ən məhsuldar sosial münasibət formasıdır. Burada əsas məsələ qarşı tərəfin “inamla açıq” olmasıdır. Yəni insanın mövqeyi bəli, bizdən tamamilə fərqli ola bilər, hətta bizə zidd görünə bilər, amma o, arqumentlər və təcrübələr vasitəsilə inandırılanda fikrini dəyişməyə hazırdır. Bu tip dialoq, sosiologiyada “dinamik ünsiyyət modeli” kimi xarakterizə olunur. Tərəflər bir-birini yalnız dinləmir, həm də öz mövqelərini nəzərdən keçirirlər.

Amerikalı sosioloq Corc Herbert Meadin “başqasının rolunu qəbul etmək” konsepti bu kontekstdə çox əhəmiyyətlidir. Mead deyirdi ki, insan qarşısındakının yerinə keçməyi bacardıqda, yəni onun gözü ilə dünyaya baxmağa çalışanda, empati yaranır və sosial davranış çevikləşir. Məsələn, kənddə övladının oxumasını istəməyən ata, qızının gələcəyinə başqa gözlə baxan müəllimin sözlərinə qulaq asdıqda və real nümunələr gördükdə, çox vaxt mövqeyini dəyişir. Burada fərqli düşüncə ilə qarşılaşmaq, empati vasitəsilə inandırılma və nəticədə dəyişiklik baş verir.

Bu tip insanlarla dialoq yalnız şəxsi həyatda deyil, tarixi proseslərdə də dönüş nöqtələri yaratmışdır. Maarifçi hərəkatların uğuru çox vaxt belə insanlara təsir etməklə mümkün olmuşdur. XIX əsrin sonlarında Azərbaycanda məktəb açmaq ideyası ilk mərhələdə cəmiyyətin müəyyən təbəqələri tərəfindən təhdid kimi qarşılandı. Amma Həsən bəy Zərdabinin və Mirzə Fətəli Axundzadənin maarifçilik təşəbbüsləri bir çox valideyni inandıra bildi ki, savad dini və milli kimliyi zəiflətmir, əksinə, gücləndirir. Fikri dəyişdirilə bilən fərqlilər olmasaydı, bu proseslərin uğuru çox çətin olardı. Burada “inandırılmaq” sadəcə sözlə baş vermir, təcrübənin də təsiri böyükdür.

Bununla yanaşı, inandırılmağa açıq olmaq cəmiyyətin münaqişələrdən çıxış yolunu da asanlaşdırır. Habermasın dediyi kimi, dialoqun məqsədi rəqibə qalib gəlmək deyil, ortaq anlaşma yaratmaqdır. Fikri dəyişməyə hazır insanlarla ünsiyyətdə məhz bu anlaşma imkanları yaranır. Əks halda, hər kəs öz mövqeyinə qapananda yalnız monoloqlar toqquşur, amma dialoq baş vermir. Müasir dövrün nümunəsi kimi sosial şəbəkə diskussiyalarını götürə bilərik. Bir çox insan orada yalnız “dəyişməz” tərəflərin qışqırığını görür, amma eyni zamanda fərqli düşüncəyə açıq və arqumentlərlə inandırılan şəxslər də mövcuddur. Onlar müzakirəni yalnız emosional çıxış deyil, yeni bilik öyrənmək fürsəti kimi qəbul edirlər. Bu tip istifadəçilər sayəsində mövzular daha dərin və çoxşaxəli müzakirə olunur.

Bunun əksi də maraqlıdır, inandırılmağa açıq olmayan, yəni “dəyişməz” insan tipi müzakirəni bağlayırsa, inandırılmağa açıq insan cəmiyyətə yeni qapılar açır. Bunu “dinamik birlik” adlandırmaq olar. Bu birlikdə insanlar yalnız eyni fikirləri bölüşmürlər, əksinə, müxtəliflik vasitəsilə ortaq məxrəcə gəlirlər. Beləliklə, fərqli düşüncəyə sahib, amma inandırıla bilən insan tipi, sosial dəyişikliklərin mühərriki rolunu oynayır.

Əslində, “dəyişməz düşüncəli” və “inandırılmağa açıq” insan tipləri yalnız fərdi ünsiyyətin deyil, bütöv cəmiyyətlərin strukturunu anlamaq üçün də vacibdir. Onlar iki fərqli sosial modelin göstəricisidir: biri statik birlik, digəri isə dinamik birlik.

Statik birlikdə fərdlər ortaq dəyərlər ətrafında sıx birləşirlər, lakin bu birləşmə müzakirə və inkişaf üçün az yer buraxır. Parsonsun funksionalist yanaşması burada özünü göstərir: sabitlik və harmoniya cəmiyyətin əsas şərtidir. Amma bu modelin riski odur ki, fərqliliklər ya boğulur, ya da “təhlükə” kimi damğalanır. Bu gün də müəyyən dini və ya siyasi qruplarda eyni mənzərəni müşahidə etmək olar: hamı eyni fikirdədir, amma bu “eyniləşmə” onları qapalı və dəyişməz edir. Tarixi nümunə olaraq, orta əsrlərdə Avropada kilsənin təlimlərini sorğulamaq belə cinayət sayılırdı. Bu, sabit görünən, amma əslində inkişafı əngəlləyən bir statik birlik idi. Azərbaycanda da sovet dövründə partiyanın ideoloji xəttinə zidd fikir demək təhlükəli idi, görünən harmoniya vardı, amma bu harmoniya zorakı “dəyişməzlik” üzərində qurulmuşdu.

Dinamik birlik isə fərqli mövqelərin toqquşmasından doğur. Dahrendorfun konflikt nəzəriyyəsi burada önə çıxır. Cəmiyyət yalnız mübahisə və münaqişə vasitəsilə yenilənir. Fərqli düşüncə ilə qarşılaşmaq, arqumentləri eşitmək və lazım olduqda mövqeni dəyişmək, sosial transformasiyanın əsas yoludur. Məsələn, qadınların ali təhsilə çıxışı ilk dövrdə bir çoxları üçün “zidd” idi. Amma maarifçi qadınların uğurları, kişilərin də onların təhsilindən fayda görməsi nəticəsində mövqelər dəyişdi. Burada fərqli fikirlərin qarşıdurması, inandırılma prosesi və nəticədə yeni bir sosial norma yarandı. Dinamik birliklərdə dəyişmə qorxulu deyil, əksinə, təbii qəbul olunur. Müasir dövrdə bunu multikultural mühitlərdə müşahidə edirik. Fərqli dini və etnik qruplar bir araya gəlib müzakirə apardıqda, hər kəs bir qədər dəyişir amma nəticədə ortaq yaşayış qaydaları formalaşır.

Həm statik, həm də dinamik birliklərin öz üstünlükləri və zəif cəhətləri var. Statik birlik sabitlik gətirir, amma innovasiyanı boğur. Dinamik birlik isə dəyişiklik gətirir, amma bəzən həddindən artıq münaqişə də doğura bilər. Sosioloji dərs isə budur: cəmiyyət yalnız fərqlərin müzakirə imkanına açıq olduqda həm sabitlik, həm də yenilik balansını qoruya bilir. Beləliklə, dəyişməz insan tipi ilə ünsiyyət qapalı dairə yaradır, inandırıla bilən insan tipi ilə dialoq isə inkişafın qapısını açır. Bu müqayisə göstərir ki, sosial tərəqqi üçün təkcə ortaq dəyərlər deyil, həm də fərqlərin toqquşmasından doğan yeni anlamlar vacibdir.

Son olaraq, cəmiyyət olaraq biz bəzən fərqliliyi təhlükə kimi görürük. Lakin əsl təhlükə, müxtəlifliyin yoxluğu və düşüncələrin donub qalmasıdır. Çünki hər dəyişməz fikir, gələcəyi qıfıllayan bir kilid kimidir. Açılan qapılar isə yalnız dialoq, qarşılıqlı dinləmə və inandırma gücü ilə mümkündür. Bu sualın cavabı hər kəsin şəxsi seçimindən asılıdır. Amma sosioloji prizmadan sizə izah etməyə çalışdım ki, sabitlik deyil-mübahisə, susqunluq deyil-dialoq, eynilik deyil-müxtəliflik inkişafın əsl təməlidir.

Nigar Şahverdiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə