İyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günüdür - ARAŞDIRMA

İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilən Konstitusiyası insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkib. Azərbaycan Konstitusiyasının təxminən üçdə biri birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunub.

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.

Bu sahədə bir çox sənədlər qəbul edilib. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi qeyd olunur. Bu isə müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz nümunəsidir.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə, Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır. Əqli mülkiyyət və xüsusən müəlliflik hüququ mədəni hüquqların tərkib hissəsidir.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Bu islahatlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

SİA mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov və Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədovun fikirlərini öyrənib.

Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov: "Təbii ki, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması və təmin olunması istiqamətində mühüm sənədlər və hüquqi əsaslar mövcuddur. Bu sahədə ilk və ən vacib sənəd Azərbaycan Respublikasının Konstitusiyasıdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyada insan hüquq və azadlıqları müstəqil və önəmli norma kimi təsbit olunub. Burada qeyd olunur ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını təmin etməkdir. Konstitusiyanın 24-cü maddəsindən başlayaraq bir sıra maddələrdə insan hüquqları, onların müdafiəsi və məhdudlaşdırma halları açıq şəkildə yazılıb. Daha sonra, insan hüquqları sahəsində xüsusi bir günün qeyd olunması ilə bağlı mühüm addım atıldı. 2007-ci il 18 iyun tarixində Prezidentin sərəncamı ilə bu gün "İnsan Hüquqları Günü" kimi elan olundu. O gündən etibarən hər il 18 iyun tarixində bu gün qeyd edilir. Məqsəd isə hüquqi maarifləndirməni artırmaq, insan hüquqlarına diqqəti cəlb etmək və bu istiqamətdə dövlət siyasətini gücləndirmək idi.

Bununla yanaşı, insan hüquqlarının müdafiəsi sahəsində müxtəlif dövlət proqramları və fəaliyyət planları hazırlanıb. Məsələn, 1998-ci ildə qəbul olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk böyük addım idi. Daha sonra isə 2004-cü ildə Milli Fəaliyyət Planı qəbul olundu. Bu sənədlər vasitəsilə insan hüquqlarının daha effektiv qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması və institutların fəaliyyəti nəzərdə tutuldu. Azərbaycan həm də bir çox beynəlxalq sənədlərə qoşulmuşdur. Buraya 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Pakt, Uşaq Hüquqları Konvensiyası, Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi haqqında Konvensiya, Avropa İnsan Hüquqları Konvensiyası və bir çox digər sənədlər daxildir. Bu sənədlər Azərbaycanın daxili hüquq sistemində də tətbiq olunur və bu da insan hüquqlarının müdafiəsini daha da gücləndirir. Ölkədə insan hüquqları sahəsində nəzarət və mühafizə ilə məşğul olan xüsusi qurumlar da fəaliyyət göstərir. Ən başlıcası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutudur. Bu qurum 2002-ci ildən fəaliyyət göstərir və vətəndaşların hüquq pozuntuları ilə bağlı müraciətlərinə baxır. Bundan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də mövcuddur. Həmçinin, bir sıra QHT-lər də bu sahədə fəal işləyirlər. İnsan hüquqları eyni zamanda müxtəlif sahəvi qanunlarda da əks olunur. Cinayət, İnzibati Xətalar, Əmək, Mülki və Ailə məcəllələrində insanın toxunulmazlığı, əmək hüquqları, ailə və uşaq hüquqları, mülki hüquqlar və digər vacib hüquqlar tənzimlənir. Bundan əlavə, “Vətəndaşların müraciətləri haqqında”, “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar da insan hüquqları ilə sıx bağlı olan normativ aktlardır. Yəni ümumiləşdirsək, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması geniş bir hüquqi baza üzərində qurulub, Konstitusiyadan tutmuş beynəlxalq konvensiyalara, xüsusi dövlət orqanlarına və müxtəlif qanunlara qədər çoxşaxəli bir sistem mövcuddur.

Azərbaycan Respublikasında insan hüquqları sahəsində əsas hüquqi baza, təbii ki, Konstitusiyadır. 1995-ci ildə qəbul olunmuş bu sənəddə ilk dəfə olaraq insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi təsbit olunub. Bu, çox mühüm addım idi, çünki hüquqi dövlət quruculuğunun əsasında məhz insanın hüquq və azadlıqları dayanmalıdır. Amma təkcə Konstitusiya ilə kifayətlənilmədi. Dövlət bu prinsipləri reallaşdırmaq və gündəlik həyat üçün işlək mexanizmlər yaratmaq məqsədilə sonrakı illərdə bir neçə dövlət proqramı və milli fəaliyyət planı qəbul etdi. Bunlardan birincisi, 22 fevral 1998-ci il tarixində qəbul olunmuş “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”dır. Bu sənəd ilk addım idi və əsas məqsədi insan hüquqlarının qorunması üçün normativ hüquqi baza formalaşdırmaq, hüquqi maarifləndirməni gücləndirmək və dövlət orqanlarının məsuliyyətini müəyyən etmək idi. Elə həmin ilin iyun ayında, yəni 22 iyun 1998-ci ildə, bu sahədə daha konkret və geniş tədbirləri əhatə edən Milli Fəaliyyət Planı qəbul olundu. Bu plan artıq daha konkret istiqamətlər üzrə – məsələn, məhkəmə islahatları, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi, informasiya azadlığının təmin olunması kimi sahələr üzrə fəaliyyətləri əhatə edirdi. Aradan bir neçə il keçdi və 28 dekabr 2006-cı ildə bu sahədə yenilənmiş sənəd qəbul olundu – “İnsan hüquq və azadlıqlarının təmininə dair Milli Fəaliyyət Planı”. Bu plan artıq əvvəlki proqramlarda nəzərdə tutulan tədbirlərin nəticələrini nəzərə alaraq, yeni çağırışlara uyğunlaşdırılmışdı. Burada əsas diqqət hüquqi yardımın əlçatanlığına, Ombudsman institutunun möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığa yönəlmişdi. Nəhayət, 27 dekabr 2011-ci ildə bu sahədə sonuncu və daha sistemli Milli Fəaliyyət Planı qəbul edildi. Bu plan həm əvvəlki illərin təcrübəsini ümumiləşdirir, həm də müasir dövrün tələblərinə uyğun yeni yanaşmaları ehtiva edirdi. Məsələn, elektron hüquqi xidmətlər, insan hüquqları sahəsində monitorinqlər və hesabatlılıq, eyni zamanda, həssas qrupların – qadınların, uşaqların, əlillərin hüquqlarının müdafiəsi xüsusi diqqət mərkəzində idi. Lakin insan hüquqları anlayışı yalnız milli qanunvericiliklə məhdudlaşmır. Bu hüquqların tarixi və beynəlxalq kökləri də var. Dünyada insan hüquqlarının formalaşması uzun bir proses olmuşdur və bu sahədə bir sıra tarixi sənədlər xüsusi rol oynamışdır:

1. 1215-ci il – Magna Carta (Böyük Azadlıq Xartiyası, İngiltərə)
İlk dəfə kral hakimiyyətinin məhdudlaşdırılması və qanunsuz həbslərə qarşı müdafiə hüququ təsbit olunmuşdu.

2. 1689-cu il – "Hüquqlar haqqında Bill" (İngiltərə)
Parlamentin üstünlüyü və söz azadlığı kimi fundamental hüquqlar burada yer alırdı.

3. 1776-cı il – Amerika İstiqlal Bəyannaməsi
"İnsanlar bərabər yaradılmışdır və onların ayrılmaz hüquqları var" fikri burada açıq şəkildə ifadə olunur.

4. 1791-ci il – ABŞ Konstitusiyasına əlavə olunan "Hüquqlar haqqında Bill"
Bu sənəddə söz azadlığı, din azadlığı, ədalətli mühakimə hüququ və s. təsbit edilmişdir.

Bu sənədlər, zaman keçdikcə insan hüquqları anlayışının daha da dərinləşməsinə və müasir beynəlxalq sənədlərin – məsələn, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi kimi sənədlərin formalaşmasına zəmin yaratmışdır".

Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov: "Azərbaycan Respublikasında insan hüquqları aşağıdakı əsas sənədlərlə qorunur: Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq sənədidir. Xüsusilə, II fəsil (“İnsan və vətəndaş hüquq və azadlıqları”) insan hüquq və azadlıqlarını müəyyən edir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu vətəndaşların hüquqlarının müdafiəsi üçün Ombudsman institutunun fəaliyyətini tənzimləyir. Azərbaycan Respublikasının qanunları – məsələn, “Məhkəmələr və hakimlər haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İşgəncəyə qarşı mübarizə haqqında” və s. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xüsusilə: İnsan Hüquqları üzrə Avropa Konvensiyası, BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsi, BMT-nin müxtəlif hüquq müdafiəsi konvensiyaları (məs. Uşaq hüquqları, işgəncəyə qarşı və s.)

Bir vətəndaş hüququ pozularsa, ilk olaraq hara müraciət etməlidir?

Vətəndaşın hüquqları pozulduqda ilk növbədə aşağıdakı instansiyalara müraciət etməsi tövsiyə olunur:

1.Müvafiq dövlət qurumu – məsələn, hüquq mühaifizə orqanları, mərkəzi icra hakimiyyəti orqanları, işəgötürən və s.

2.Məhkəmə – əgər hüquq pozuntusu aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılmırsa və ya qərardan narazılıq varsa.

3.Azərbaycan Respublikasının Ombudsmanı – hüquqların bərpası üçün alternativ, sürətli və pulsuz müraciət yoludur.

Hüquq pozuntularını sübut etmək üçün aşağıdakılar əsas sübut kimi istifadə oluna bilər: Yazılı sənədlər – müqavilələr, qərarlar, bildirişlər, protokollar, video və foto materiallar, şahid ifadələri, ekspert rəyləri (məsələn, tibbi ekspertiza), elektron yazışmalar (e-mail, mesajlar və s.), məhkəmə və ya dövlət qurumu sənədləri. Əsas məsələ odur ki, sübutlar hüququn pozulduğunu aydın şəkildə göstərməli və qanuni yollarla əldə olunmuş olmalıdır.

Hüquqları pozulan vətəndaşların beynəlxalq məhkəmələrə müraciət hüququ varmı?

Bəli, Azərbaycan vətəndaşlarının beynəlxalq məhkəmələrə müraciət hüququ var. Ən əsas instansiyalar bunlardır:

1.Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) – Azərbaycan AİHM-in yurisdiksiyasını tanıyıb. Amma yalnız milli məhkəmə yolları tükəndikdən sonra müraciət etmək mümkündür.

2. BMT-nin Müvafiq Komitələri – məsələn, İşgəncəyə Qarşı Komitə, Uşaq Hüquqları Komitəsi və s.

Qeyd: Beynəlxalq məhkəməyə müraciət üçün iddia konkret faktlara, sübutlara əsaslanmalı və əvvəlcə ölkə daxilində hüquqi prosedurlar başa çatdırılmalıdır (milli məhkəmələrdən keçmək şərtdir)".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə