Uşaq telefona deyil, həyata bağlanmalıdır - SAKİNLƏR DANIŞDI - SORĞU

Hazırda dünyada texnologiyanın sürətlə inkişaf etməsi uşaqların da həyatına böyük təsir göstərir. Telefonlar, planşetlər və müxtəlif internet platformaları uşaqların gündəlik fəaliyyətlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu inkişafın yanında müəyyən təhlükələr də mövcuddur. Xüsusilə təhlükəli oyunlar və nəzarətsiz internet istifadəsi uşaqların sağlamlığına, psixoloji durumuna və sosial davranışlarına mənfi təsir edə bilər. Vətəndaşların bu mövzu ilə bağlı fikirləri nədən ibarətdir? SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu edib.

Şəhər sakini Lalə Məmmədli: "Fikrimcə, valideynlər uşaqlara telefon və planşet verməməlidirlər. Ümumiyyətlə, bu cihazların uşaqlara 15 yaşından tez verilməsi düzgün deyil. Təəssüf ki, internetdə bir çox təhlükəli oyunlar mövcuddur. Bunlardan biri bir vaxtlar çox yayılan “Mavi Balina” oyunu, digəri isə “Momo” kimi psixoloji təsirli və qorxulu oyunlardır. Şəxsən tanıdığım bir neçə uşağın bu cür oyunlara aludə olduğunu görmüşəm. Bu tip oyunların yayılmasında birbaşa valideyn məsuliyyət daşıyır. Əgər valideyn övladına düzgün tərbiyə və nəzarət etmirsə, dövlət və ya məktəb nə edə bilər ki?

Gələcəkdə öz övladım olsa, ona qarşı ciddi nəzarət tətbiq edəcəyəm. Uşaq müəyyən bir yaşa çatıb qərarvermə qabiliyyəti formalaşanadək ona telefon verməyi düşünmürəm. Bundan əlavə, "TikTok" və "YouTube" kimi platformalarda uşaqların valideynlərindən gizli şəkildə telefon götürüb, yaşlarına uyğun olmayan videolara baxdığının da şahidi olmuşam. Əslində, uşaq gözünü açandan valideynini telefona aludə halda görür. Uşaq da təbii olaraq onu təqlid edir. Buna görə də uşaqların texnologiyaya bu qədər bağlanmasının əsas səbəblərindən biri valideyn nümunəsidir".

Şəhər sakini Rüfan Zeynallı: "Təhlükəli oyunlardan yalnız “Mavi Balina” oyununu tanıyıram. Fikrimcə, uşağın nəyə baxmasına və nə ilə maraqlandığına ilk növbədə valideyn nəzarət etməlidir. Valideynin rolu burada çox böyükdür. Bəzən elə hallarla qarşılaşırıq ki, valideyn özü uşağın təhsil almasına, inkişafına mane olur.

Məsələn, uşaq həyətdə oynayanda, valideyn ona qışqırır – "çox qaçma", "maşın yoluna çıxma" və s. bu kimi müdaxilələr uşağı qorumaq məqsədi daşısa da, nəticədə uşaq evdə qalır və vaxtını telefonda keçirir. Bu da onun həm psixoloji, həm də fiziki inkişafına mənfi təsir edir.

Fikrimcə, uşaq özünü tam dərk edənə qədər – yəni müəyyən bir yaşa çatana kimi – ona telefon verilməməlidir. Əgər uşaq təhlükəli bir oyun oynayırsa, valideyn onunla açıq şəkildə danışmalıdır. Məsələn, deyə bilər ki, "Mən də sənin yaşında bu və bu oyunlarla maraqlanırdım, amma indi başa düşürəm ki, bu, düzgün deyil". Uşaqla empati qurmaq və ona örnək olmaq çox vacibdir.

Bu cür oyunlar uşaqlarda əsəb, stres və digər psixoloji problemlərə səbəb ola bilər. Bu gün isə artıq təkcə valideyn yox, ümumilikdə cəmiyyət də mühüm rol oynayır. Çünki uşaq ətrafındakı insanlara baxaraq onların davranışlarını təqlid edir. Əgər ətrafında gördüyü nümunələr sağlam deyilsə, özü də onlara bənzəməyə çalışacaq. Ona görə də düşünürəm ki, cəmiyyətin sağlamlaşması üçün hər şey özümüzdən başlamalıdır. Hər bir insan öz üzərində işləməli, nümunə olmalıdır ki, uşaqlar da sağlam mühitdə formalaşsın".

Şəhər sakini Almaz İsayeva: "Mənim nəvəm telefonla çox az oynayır və oynadığı vaxtlarda da daim nəzarət edirik. Valideyn və nənə-baba nəzarəti bu yaşda çox vacibdir. Uşaq nə ilə maraqlanır, hansı videolara və oyunlara baxır – bunları izləmək lazımdır. Təəssüf ki, bəzi uşaqlar təhlükəli oyunlar oynadıqdan sonra ciddi yuxu problemləri yaşayırlar. Onlar gecə qorxu içində oyanır, bəzən də uzun müddət yatmaqda çətinlik çəkirlər. Çünki həmin oyunlar uşağın psixologiyasına mənfi təsir edir, qorxu və narahatlıq hissi yaradır. Bu səbəbdən mən ümumiyyətlə uşaqlara telefon verilməsinin tərəfdarı deyiləm. Əgər xüsusi səbəbdən verilməli olarsa, bu, yalnız 15-16 yaşından sonra mümkündür. O vaxta qədər uşaq həm özünü daha yaxşı tanıyır, həm də təhlükə ilə təhlükəsizi ayırd etməyi bacarır.

Uşaqların sağlam böyüməsi üçün ilk növbədə ailə mühiti düzgün qurulmalıdır. Uşaq vaxtını telefon qarşısında deyil, əyləncəli, faydalı fəaliyyətlərlə – kitab oxumaq, idmanla məşğul olmaq, dostları ilə oynamaq kimi – keçirməlidir. Uşaq telefona deyil, həyata bağlanmalıdır. Bu da ancaq böyüklərin diqqəti və düzgün yanaşması ilə mümkündür".

Məktəbli Zülfüqar Abbaszadə: "Mən qorxulu oyunların adlarını tam bilmirəm, amma başqa uşaqlarda görmüşəm, hətta özüm də bəzən onların telefonunu alıb oynamışam. Məsələn, bir oyun var idi – timsah oyunu. O oyunda timsahın dişlərinə basırdıq, əgər səhv dişinə bassaydıq, əlimizi ağrıdırdı. Mən o oyunu oynayanda valideynlərim görürdü və deyirdilər ki, bu oyunu oynamasam yaxşıdır. Mən də niyə oynamamalıyam deyə soruşanda, onlar mənə oyunun mənfi tərəflərini başa salırdılar. Daha çox oyunların reklamlarına, bəzən də müharibə filmlərinə baxıram. Amma çalışıram ki, qorxulu və pis təsir edən şeylərə çox baxmayım".

Şəhər sakini Zəhra Hənifə: "Mən təhlükəli oyunlar oynamıram və belə oyunlara marağım yoxdur. Amma düşünürəm ki, bu tip oyunlara yaş məhdudiyyəti ciddi şəkildə tətbiq olunmalıdır. Çünki hər bir yaş dövrünün öz psixoloji xüsusiyyətləri var və bəzi məzmunlar uşaqlar üçün olduqca zərərlidir.

Uşaqlara telefon çox zaman məcburiyyətdən verilir – məsələn, uşaq yemək yemədikdə və ya ağladıqda onu sakitləşdirmək üçün telefondan istifadə olunur. Bu isə həm onların fiziki sağlamlığına, həm də zehni inkişafına mənfi təsir edir.

Məsələn, mənim balaca qardaşım telefonda əsasən “YouTube Kids” izləyir. Hər nə qədər uşaq üçün nəzərdə tutulmuş kontentlər olsa da, yenə də nəzarət vacibdir. Çünki orada da uyğun olmayan məzmunlar təsadüfən qarşısına çıxa bilər. Bu təhlükəli oyunlarla bağlı məktəblərdə maarifləndirmə işlərinin aparılması çox faydalı olardı. Şagirdlərə həm oyunların nə kimi zərərləri ola biləcəyi, həm də onlardan necə uzaq durmaq lazım olduğu izah edilməlidir.

Çünki bu cür oyunları oynayan uşaqlar təkcə özlərinə deyil, ətraflarına da zərər verə bilərlər. Onlar yaşıdlarına qarşı aqressiv və kobud davranmağa meylli ola bilər, sosial bacarıqları zəifləyər. Ümumiyyətlə, mən uşaqların sosial platformalara sərbəst girişinin əleyhinəyəm. Hər yaş üçün fərqli yanaşma və nəzarət mexanizmi olmalıdır. İnternetin imkanları sonsuzdur, amma düzgün istifadə olunmadıqda təhlükələri də bir o qədər çoxdur".

Şəhər sakini Kristina Xudaverdiyeva: "Məncə, hər bir valideyn övladına nəzarət etməlidir. Uşaqlara telefon verilməsinə tam qarşı deyiləm – bu, vəziyyətdən və məqsəddən asılıdır. Məsələn, uşaq cizgi filminə baxmaq üçün telefondan istifadə edirsə, buna müəyyən qədər icazə verilə bilər. Amma oyun oynamaq məqsədilə telefon verilməsinin tərəfdarı deyiləm. Çünki bu, təkcə psixoloji deyil, həm də fiziki – xüsusilə də göz zəifliyi kimi – problemlərə yol aça bilər.

Təhlükəli oyunların adlarını tam bilməsəm də, belə oyunların mövcudluğundan xəbərdaram. Mən öz övladıma telefon verəndə daim nəzarət edirdim. Hətta bəzən birlikdə baxır, nə izlədiyini görürdüm. Uşaq böyüyəndə bu yanaşmanın nə qədər faydalı olduğunu başa düşürsən.

Bu cür zərərli oyunların uşaqlar arasında yayılmasının əsas səbəbini valideynlərin diqqətsizliyində görürəm. Əgər evdə planşet və ya telefon yoxdursa belə, uşaq başqa mühitdə – qohum evində, məktəbdə, gizli şəkildə telefondan istifadə edə bilər. Buna görə də əsas məsələ təkcə cihazı vermək deyil, uşağa düzgün yanaşmaq, ona nə yaxşıdır, nə pisdir, bunu izah etməkdir.

Uşaqların psixologiyası hələ formalaşmadığı üçün bu cür oyunlar onlarda mənfi xüsusiyyətlərin yaranmasına səbəb ola bilər. Virtual oyunlarda hər şey gerçək həyatdan daha asan və sürətli baş verir – məsələn, bir neçə saat içində ev tikmək, uğur qazanmaq, və s. Bu da uşağı reallıqdan uzaqlaşdırır. Uşaq deyir ki, “orada hər şey bacarıram”, nəticədə həmin aləmə bağlanır və real həyatda, yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir".

Şəhər sakini Ceyla Alışova: "Məncə, uşaqlara telefon 8-9-cu sinifdən sonra verilməlidir. Daha əvvəl bu cür cihazlara sahib olmaları onların psixoloji və davranış inkişafına mənfi təsir göstərə bilər.

Zərərli, qorxulu və təhlükəli oyunların yayılmasında əsas məsuliyyət, fikrimcə, ilk növbədə bu oyunları yaradan şəxslərin üzərinə düşür. Onlar belə oyunları hazırlayıb internetdə paylaşırlar, sonra bu oyunlar populyarlaşır və uşaqların qarşısına çıxır. Təbii ki, maraq doğurur və onlar da bu oyunları oynamağa başlayırlar.

Valideynlər isə bəzən övladlarına nəzarət etməyə vaxt tapmırlar və ya uşaqlar bu oyunları valideynlərindən gizlətməyə çalışırlar. Məhz bu səbəbdən də belə problemlər ortaya çıxır. Valideyn övladının təhlükəli oyun oynadığını gördükdə, ilk növbədə onunla danışmalı, izah etməlidir ki, bu, düzgün davranış deyil. Daha sonra isə konkret tədbirlər görülməlidir ki, uşaq həmin oyuna bir daha qayıtmasın. Əgər mən valideyn olsam, mütləq şəkildə nəzarət edərdim. Məsələn, vaxtaşırı yoxlayardım ki, uşaq telefonda nəyə baxır, hansı oyunları oynayır. Çünki bu tip təhlükəli oyunlar uşaqların psixologiyasına mənfi təsir edir, onları daha aqressiv, əsəbi və gərgin edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə