Naxçıvanın məşhur xəstəxanası dağılır

İşçilər ixtisara salınır, yarım ştata keçirilir, maaşlar azaldılır

Söhbət Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzindən gedir. Əvvəllər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mərkəz 11 iyun 2024-cü il tarixdə sözügedən qurumun tabeliyindən çıxarılıb. Buna səbəb isə Mərkəz rəhbərliyinin yarıtmaz fəaliyyəti və Nazirliyin yaranan problemlərə məsuliyyətsiz yanaşması olub. Nəticədə Mərkəzin əməkdaşları aylarla əməkhaqqı ala bilməyiblər, büdcəyə yığılan pullar təyinatı üzrə xərclənməyib.

Bundan sonra “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsə nəzarət funksiyası Naxçıvan MR Həmkarlar İttifaqına həvalə edilib. Mərkəzin kollektivi uzun müddətdir yığılıb qalan problemlərin yeni rəhbərlik tərəfindən tez bir müddətdə həll ediləcəyini ümid etsələr də vəziyyət tam əksinə olub.

Əvvəlcə 45 nəfərdən çox əməkdaşı olan Mərkəzdə işçilərin demək olar ki, yarısı ixtisara salınıb, qalan işçilərin maaşları azaldılıb. Onlara verilən əlavə məvacib və gecə növbəsinin pulu kəsilib. Əlavə məvacib onların yerin altında işləməsinə görə nəzərdə tutulub. Əvvəl işdən asılı olaraq 700-800 manat əməkhaqqı alan işçilərin maaşları demək olar yarı-yarıya endirilib

Mərkəzdə çalışan bir qrup əməkdaşın sözlərinə görə, bu da azmış kimi 12 tibb bacısı tam ştatdan yarımştata keçirilib. Hətta buna etiraz edən əməkdaşlara xəbərdarlıq edilib. Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəxsən özü onları işdən çıxarmaqla hədələyib, əməkdaşlara məcburi şəkildə ərizə yazdırılıb. Və bütün bu baş verənlərlə bağlı əməkdaşlara heç bir açıqlama verilməyib.

İşçilər iddia edir ki, ötən illə müqayisədə bu il Mərkəzə gələn xəstələrin sayı artıb. Büdcəyə yığılan pullar isə təmir və yaxud müxtəlif xərclər adı altında ciblərə gedir.

Mərkəzdə çalışanlar deyir ki, əlavə məvacibin kəsilməsi onların ailə büdcəsinə ciddi təsir göstəriri. Onlar iddia edir ki, Muxtar Respublika Həmkarlar İttifaqının rəhbərliyi məvacibləri kəsməklə maaşları mənimsəyir.

Mərkəzə ötən ilin may ayında direktor təyin olunan Fəxri Mehbalıyev əməkdaşlarını müdafiə etdiyi üçün Naxçıvan MR Həmkarlar İttifaqlarının rəhbərliyinin təzyiqlərindən sonra “könüllü” ərizə yazaraq işdən çıxıb.

Bu arada əməkdaşların ötən ildən qalan əməkhaqları hələ də ödənilməyib.

Biz qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. Mövzuya yenidən qayıdacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə