“Kor-koronə içilən bitki çayları orqanizmə ziyan vurur” - MÜTƏXƏSSİS DANIŞDI
“Bitki çayları Azərbaycanda çox istifadə olunur, lakin bəzən kor-koronə şəkildə içilən bitki çayları orqanizmə ziyan vurur. Buna görə mütləq şəkildə hər hansı bitki çayının hansı səbəblə qəbul edilməsini bilməliyik. Bir çox bitkilərin orqanizmə faydaları çoxdur. Bu bitkilər sırasında nanə, cökə ilk sırada yer alır. Hansı ki, bunların tərkibində anti-oksidantlar var və immun sistemini gücləndirərək, gümrahlıq verir, maddələr mübadiləsini sürətləndirir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Mütəxəssis bildirib ki, faydalarına baxmayaraq, adları çəkilən çaylardan gündəlik istifadə edildikdə müəyyən fəsadları ola bilər: “Çünki bitkilərin hər birinin yan təsirləri və müalicəvi xüsusiyyətləri mövcuddur. Eyni zamanda bitki çaylarını günün hansı saatında istifadə etdiyimizə də diqqət etməliyik. Məsələn, nanə çayını günün ilk yarısında qəbul etsək, gün ərzində enerjili olmağımıza, ürək-damar sisteminin funksiyalarının yaxşılaşdırılmasına xidmət edəcək.
Cökəni isə yuxudan bir-iki saat öncə içmək əsəbləri, mərkəzi beyin sistemini sakitləşdirir. Bu isə sağlam və daha rahat yatmağa kömək olur.
Bəzi bitkilərdən kor-koranə şəkildə ya arıqlamaq, ya da böyrək problemlərinin həlli üçün istifadə edirlər. Bu zaman mütləq şəkildə bitkilərin xüsusiyyətlərini bilib, peşəkarlarla məsləhətləşərək və onun nəzarəti altında içilməlidir. Əks halda ciddi təhlükəli fəsadlara yol aça bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə