"Qız yükü duz yükü" - ARAŞDIRMA

Biz öz milli kökünə bağlı, milli adətləri yaşadan, öz həyatımızda onları əsas götürən bir xalqıq. Xalqımızın gözəl adətləri çoxdur və bunlardan biri də müqəddəs dəyərlərə bağlı olan toy adətidir. O adət ki, onunla yeni bir ailənin təməli qoyulur. Təəssüflər olsun ki, bəzi toy məclisləri heç də gözəl bir ailənin təməlini qoymaq məqsədilə yox, müxtəlif maraqlar üçün qurulur. Əsasən də müxtəlif səbəblərdən qız uşaqlarının uşaqlıq həyatından alınaraq erkən nikaha cəlb edilməsi hazırkı dövrümüzün aktual problemidir. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Bəs, erkən nikah hansı fəsadlara yol aça bilər? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Erkən nikah nədir?

Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü və tərəflərin yaşı qanunvericilikdə icazə verilimiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib.

Erkən nikahlarla bağlı dünyada vəziyyət

Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada - Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Niger – 75%; Çad və Mərkəzi Afrika Respublikası – 68%; Banqladeş – 66%; Qvineya – 63%; Mozambik – 56%; Mali – 55%; Burkina-Faso və Cənubi Sudan – 52%; Malavi – 50%; Hindistan – 47% fərqlənirlər.

Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, 18 yaşa qədər olan 180 mindən çox qız Türkiyədə nikaha girir.

İnkişaf etməkdə olan ölkələrdə 15-19 yaşlı qızlar arasında ölüm hallarının əsas səbəblərindən biri hamiləlik və doğuşun ağırlaşması hallarıdır. BMT-nin Uşaq Fondunun (UNICEF) araşdırmalarına görə, hər il 16 milyon yeniyetmə qız hamilə qalır, bunlardan təxminən 50.000 nəfəri həyatını itirir. Bu cür halların demək olar ki hamısı aşağı və orta gəlirli ölkələrdə baş verir. 20 yaşadək qadınlar arasında ölü doğulmuş və doğuşdan sonra ölmüş uşaqların sayı 20-29 yaş arasında hamiləliyin baş verdiyi qadınlardan 50% çoxdur. Bu vəziyyəti nəzərə alaraq BMT 11 oktyabr tarixinin Beynalxalq Qızlar Günü kimi qeyd olunmasını qərara alıb.

Erkən nikahlar əsasən aşağıdakı hallarda baş verir:

- Erkən nikah probleminin özündə tarixi ənənələrin yükünü daşıması, yəni tarixi ənənə və mentalitetdən irəli gələn səbəblər: "qarımış qız", "qız yükü duz yükü", "tez evlənənlə tez yuxudan duran qazanar" kimi yanlış stereotiplərin hələ də qalması;

- Valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi. Bəzi valideynlərin erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə dair fikirlərindən fərqli olaraq, BMT araşdırmaları bunu təkzib edir. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqindən ortaya çıxan vəziyyətdir.

- Ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur.

- Kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik;

- İcma həyatında hər kəsin davranışının sərt reqlamentasiyasının məcburi nikaha cəlb olunma hallarına müdaxilə etməyi çətinləşdirməsi;

- Kəndlərdə kişilərin əmək miqrasiyasının qadınlar arasında müəyyən ab-havanın yaranmasına, ailə qura bilməmək qorxusuna səbəb olması;

- qaçırılma halları və s.

Erkən nikah hansı fəsadlara səbəb ola bilər?

Erkən nikah nəticəsində bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ağır ailə məsuliyyəti ilə yüklənirlər. Bu cür tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır bioloji və psixoloji travma almalarına səbəb olur. Həmçinin erkən nikah qadının təhsil almasını məhdudlaşdırır.

Erkən nikahın fəsadlarına uşaqlıq və yeniyetməlik dövründə ailə quran qadının orqanizmi tam formalaşmadığı halda hamilə olması onun səhhətində müxtəlif problemlərin yaranmasına səbəb olur. Doğuş zamanı həm qadının, həm də uşağın ölüm ehtimalı yüksək olur. Müxtəlif anomaliyalı uşaqların doğulmasına səbəb olur. Bu fəsadlardan vaxtından əvvəl doğulan uşaqlar, anada eklampsiya və preeklampsiya hallarınin tez tez baş verməsi, anada anemiyaların, infeksiyon xəstəliklərə tutulma halları daha çox müşahidə olunur. Bunun əsas səbəbi qadının fizioloji cəhətdən tam inkişaf etməməsidir. Həmçinin, doğuşdan sonrakı müxtəlif xəstəliklərin inkişaf riski artmış olur. Aparılan tədqiqatlara görə, 18 yaşdan kiçik anaların 35- 55%-i yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski 19 yaşlı gənc analara nisbətən daha yüksəkdir. Uşaq ölümləri isə 60% yüksəkdir.

Demək, erkən nikah təkcə ananın deyil, uşağın da sağlamlığını təhlükə altına alır. Uşaq yaşlarında yeni bir ailəyə, evə köçən qız yeni həyata psixoloji cəhətdən də hazır olmadığı üçün onda psixoloji problemlər yaranır. Bütün bu problemlər ciddi psixoloji hallara, ağır depressiya və hətta intihar cəhdinə gətirib çıxara bilər.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazım olduğunu bildirib: “Bu hallardan ən çox təsadüf edilənlər obsessiv-kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu obsessiv-kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.

Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında özünü biruzə verir.

Azərbaycanın hansı bölgələrində erkən nikahlar geniş yayılıb?

Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Qəbulun nəticələri isə fərqlidir. 2004-cü ildə 1998-1999-cu illərdə anadan olan 125 mindən çox uşaq birinci sinfə daxil olub. Onların 50 faizi qızlar, 50 faizi isə oğlanlardır. Doqquz ildən sonra 3,5 faiz uşaq heç 9-cu sinfə gəlib çatmayıb. Deməli, 4 min 500-dən çox uşaq (600-ü oğlan, yerdə qalanı isə qızlar) təhsil ala bilməyib.

Sosioloq Əbülfəz Süleymanlı elmi-texnoloji innovasiyalar dövrü adlandırılan XXI əsrdə erkən nikahların hələ də problem olaraq qalmasına təəssüflənir. qlobal miqyasda bu problem daha çox sosial-iqtisadi çalarlara malik problem kimi özünü büruzə versə də, əslində, adət-ənənələr adı altında pərdələnmiş və beyinlərə yanlış sirayət etmiş stereotiplər bu cür halların dünyanın fərqli ölkələrində kütləvi xarakter almasına səbəb olur. Erkən nikahlara yol açan amillərdən biri ailələrin aşağı təhsil və ümumi mədəniyyət səviyyəsi ilə bağlıdır. Belə ki, dünyanın fərqli ölkələrində aparılan tədqiqatların nəticəsinə görə, erkən nikahlara təhsil və mədəni dünyagörüş səviyyəsi aşağı olan ailələrdə daha çox təsadüf olunur: “Şübhəsiz ki, erkən nikahların uşaq hüquqlarının pozulmasından məişət zorakılığına, doğuş zamanı ana-uşaq ölümlərindən fiziki-psixoloji çətinliklər kimi çox geniş spektri əhatə edən ciddi fəsadları mövcuddur. Hər şeydən əvvəl erkən nikahlar bu akta sövq olunan yetkinlik yaşına çatmamış qızların, istərsə də oğlanların normal və sağlam inkişafının qarşısını alır”.

Əbülfəz Süleymanlı bildirir ki, əksər hallarda uşaqların iradəsi xaricində gerçəkləşən bu növ nikahlar onların mənəvi bütövlüyünə xələl gətirərək cəmiyyətə qarşı etimad hisslərinin zəifləməsinə gətirib çıxarır. Xüsusilə yetkinlik yaşına çatmamış qızlar bu növ nikahlara sövq olunaraq təhsillərini yarımçıq qoymaq məcburiyyətində qalırlar. Beləliklə də hər hansı bir peşəyə yiyələnə bilmirlər. Bu isə o deməkdir ki, onlar gələcəkdə ortaya çıxa biləcək boşanma, cütlərdən birinin vəfat etməsi kimi problemlər qarşısında iqtisadi cəhətdən zəif vəziyyətə düçar olacaqlar.

Qanunda erkən nikaha girənlər üçün hansı cəza tədbirləri nəzərdə tutulub?

Qadını nikaha daxil olmağa məcbur etməni əngəlləmək üçün 2011-ci ildə ölkəmizin Cinayət Məcəlləsində (CM) bu problemlə bağlı maddəyə dəyişiklik edilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə cəza tədbirləri müəyyən olunub. Həmçinin qanunvericilikdə yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etməyə görə də sanksiya nəzərdə tutulub.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə