Gənclər niyə öz qismətini sosial şəbəkədə axtarır? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Sosial şəbəkələr həyatın müxtəlif sahələrinə olduğu kimi, gündəlik həyatımıza da təsir etməyə başlayıb. İnsanlar necə ki alternativ təhsil forması kimi sosial şəbəkələrdə öz biliklərini artırırlar, ictimai-siyasi proseslərə birbaşa reaksiya verirlərsə, eləcə də öz fərdi həyatlarında dostluq, sevgi, tanışlıq münasibətlərini də bu platformalar üzərindən qururlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, dünyada olan sırf fərdi tanışlıq, özəl həyatın intim və məhrəm tərəflərini əhatələyən elektron saytların sayı heç kimi təəccübləndirmir: "İnsanlar tanımadığı ölkələrdən belə canlı həyatda risk edib tanışlığa getmədikləri şəxslərlə smartfon arxasında rahat ünsiyyət qura bilirlər. Hətta sosial şəbəkələrdə tanış olub ömürlərini bir-birinə calayanların da sayı az deyil. Bu nikahların böyük bir hissəsi möhkəm ailə bağlarına çevrilir. Amma 25-30% real həyatda tanış olduqda virtual həyatda olduğu kimi münasibətləri alınmaya bilir. Bu zaman virtual nikahlar ayrılıqla müşahidə olunur. Amma ümumən götürdükdə gənclərimizin öz qismətlərini sosial şəbəkələrdə axtarmaqları normal qarşılanmalıdır. Çünki dünya özü də artıq virtuallaşır".

Ekspert sözlərinə davam edərək bildirib ki, hazırda süni intellekt və robotlaşma prosesi gedir: "Vaxt gələcək ki, gənclər nəinki canlı insanla, eyni zamanda, robotlarla sosial şəbəkələr üzərindən virtual dostluq və ya ailə münasibəti quracaqlar. Yaxşı və ya pis olduğunu mübahisə etmirik, amma bu, bir faktdır. Dünyanın bir çox ölkəsindən robotlarla, kuklalarla evlənənlər barədə informasiyaların şahidi oluruq. İstər real, istərsə də virtual həyatda münasibət qurmaq istədiyiniz şəxslə birdən-birə səmimiləşmək olmaz. Fərdi məlumatlar, xüsusilə maliyyə imkanları barədə danışmaq, intim foto və videolar qəti göndərmək olmaz. Sizinlə uzun müddət əlaqə saxlayan və ciddi münasibət qurmaq istəyən şəxslər tələm-tələsik foto, video, kart nömrəsi və ya borca pul istəməz. Belə şəxslərdən uzaq durmaq, münasibətə son qoymaq lazımdır. Pandemiya dövründə virtual münasibətlər, hətta toyların önəmi və aktuallığı haqqında fikirlər səslənirdi. Həqiqətən də düşünürdük ki, bu gərəkli bir formatdır. Amma əgər qlobal bir hadisə baş verməyibsə, müharibə yoxdursa, insanlar real münasibətlər qurmağa çalışsınlar. Virtual olaraq tanış olduqda belə uzun müddətdən sonra ciddi münasibətə başlamaqları məqsədəuyğundur. Əks halda müəyyən problemlər yaşaya bilərlər. Amma inanıram ki, yaxın gələcəkdə virtual münasibətlərdə də sivil mədəniyyət formalaşacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə