Prezidentin regionlara hər səfəri ölkənin ümumi inkişafına təkan verir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilmişdir”

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Cənab Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Elə bu günlərdə Prezident və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri, səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və yerlərdə işlərlə birbaşa tanış olması dövlət başçımızın regionlarımızın günbəgün inkişaf etməsi ilə bağlı uğurlu siyasətinin reallığıdır. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar. Həmçinin, İsmayıllıda “Basqal Resort & Spa” otelinin iştirak ediblər, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Həmçinin, dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət ediblər. Prezident İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Qeyd edək ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.

SON İLLƏRDƏ HƏR İKİ RAYONDA BÖYÜK İNFRASTRUKTUR LAYİHƏLƏRİ İCRA EDİLMİŞDİR

Dövlət başçısı müsahibəsi zamanı bölgələrə səfərlərinin müntəzəm xarakter daşıdığını və görülən işlərə daha böyük diqqət yetirildiyini deyib: «Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir”. “Son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir»,-deyən dövlət başçısı onu da vurğulayıb ki, istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir: «Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz”.

“DİRİ BABA” TÜRBƏSİ ÖZ NADİRLİYİ İLƏ BÜTÜN QAFQAZ BÖLGƏSİNDƏ SEÇİLİR

“Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir”,-deyən dövlət başçısı onu da vurğulayıb ki, yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb: “Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir. Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər”.

ƏMİNƏM Kİ, BASQAL QƏSƏBƏSİ LAHIC QƏSƏBƏSİ KİMİ, BU BÖLGƏNİN ÇOX QƏDİM TARİXİ YAŞAYIŞ MƏKANI OLARAQ ÖZ SİMASINI BÜTÜN DÜNYAYA AÇACAQ

Azərbaycan Prezidenti müsahibəsi zamanı qədim Basqal kəndinin inkişafı üçün böyük işlərini görüləcəyini, dünyada tanılacağının deyib: «Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır".

YƏNİ, İŞ YERLƏRİNİN AÇILMASI PROSESİ AZƏRBAYCANDA DAİM APARILMALIDIR

“Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək»,-deyən Prezident İlham Əliyev vurğulayıb ki, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir: «Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır. Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb.Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur”.

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ, ƏMİNƏM Kİ, AZƏRBAYCANDA MAKSİMUM DƏRƏCƏDƏ TƏMİN OLUNACAQ

Dövlət başçısı müsahibəsi zamanı həm turizm, həm kənd təsərrüfatı istiqamətlərinin bölgənin gələcək inkişafını təmin edəcəyini, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarların öz bəhrəsini verəcəyini də söylədi: «Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq”. Prezident İlham Əliyev onu da bildirdi ki, biz öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik: “Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük". “Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik»,-deyən dövlət başçısı bu istiqamətdə ardıcıl işlərin aparıldığını söylədi: «Məsələn, bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır. Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək”.

TƏQRİBƏN 3-4 İL ƏRZİNDƏ BİZ ÖZÜMÜZÜ ƏRZAQLIQ BUĞDA İLƏ 80 FAİZ SƏVİYYƏSİNDƏ TƏMİN EDƏ BİLSƏK, BU, ÇOX BÖYÜK NƏTİCƏ OLACAQDIR

“Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır”,-deyən dövlət başçısı bildirdi ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər: “Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur. Bir sözlə, bax, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”.

AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ HƏM KƏND TƏSƏRRÜFATI, HƏM MALDARLIQ, HƏM BİTKİÇİLİK ÜÇÜN ÇOX MÜNBİT İQLİM VƏ TƏBİİ ŞƏRAİT VAR

“Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə”. “Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik”, -deyən Prezident İlham Əliyev onu da söylədi ki, hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq. Bir sözlə, Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...